Xəbər lenti

Sənət 14:02 30.08.2024

"Simurq" Özbəkistanda 10 min dollar qazandı: "Zəhmətimiz hədər getmədi"

Azərbaycanın "Simurq" muğam ansamblı Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülüb.
 
Qaynarinfo xəbər verir ki, Özbəkistanın Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.

Azərbaycanı bu festivalda "Simurq" muğam ansamblı təmsil edib. Ansambılın nəzdində tanınmış xanəndə Mirələm Mirələmov və instrumental ifaçılardan isə – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadə (balaban)da  ifa edib.

XIII "Şərq təranələri”nin beynəlxalq  münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə sevincini Qaynarinfo ilə bölüşüb:

"Bizi təbrik edən hər kəsə təşəkkür edirəm. Əsas odur ki, zəhmətimiz hədər getmədi. İndi danışa bilmirəm, Azərbaycandan kənardayam. Vətənə dönən kimi bu barədə geniş açıqlama verəcəm".

Qeyd edək ki, Qran-pri mükafatının məbləği 10 000 ABŞ dollarıdır. 

Azərbaycanı bu festivalda ilk dəfə Xalq artisti Simarə İmanova təmsil edib. O, 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında iştirak edən 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri"yə layiq görülüb. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->