Xəbər lenti

Rusiya həqiqətən Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük təcrid vəziyyətindədir?
Dünya 20:08 17.01.2024

Rusiya həqiqətən Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük təcrid vəziyyətindədir?

"Qərb Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyadan sıxışdırmağa çalışsa da, hələlik buna nail ola bilməyib. Kreml de-fakto sözügedən coğrafiyalarda qalmaqdadır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktolor Üzeyir Şəfiyev Davosdakı Dünya İqtisadi Forumunda NATO baş katibi Yens Stoltenberqin Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda siyasi baxımdan daha böyük təcrid vəziyyətində olduğu barədə fikirlərini şərh edərkən deyib.

"Hazırda dünyada imperiyalar arasında geosiyasi maraqlar üzərində qarşıdurma gedir. Bu açıqlama əslində Rusiyaya psixoloji təsir hədəfidir. Rusiyada ictimai rəy sorğusunun nəticələri göstərir ki, ölkə əhalisinin 42 faizi mövcud vəziyyətlərindən narahatdır. Moskvanın təkcə Mərkəzi Asiya və Cənubi Qafqazda deyil, bütövlükdə bütün geosiyasi anlamlarda sıxışdırılmaya məruz qaldığını görürük. Ancaq Qərb həmin addımı atsa da, hələlik ona nail ola bilməyib. Çünki Qərb Rusiyanı sıxışdırdıqca, Moskva Çin, Şimali Koreya, İran, Venesuela və o cümlədən Türkiyə ilə iqtisadi münasibətlərini gücləndirir. Yəni Rusiyanın sıxışdırılması fonunda ona kömək edən əlavə koalisiyalar yaranır. Kreml Cənubi Qafqaz və Mərkəzi Asiyadan sıxışdırılır", deyə Üzeyir Şəfiyev bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, Rusiya de-fakto yenə də Cənubi Qafqaz və Mərkəzi Asiyadadır: 

"Ermənistan sərhədinin böyük hissəsində rus qoşunları yerləşib. Gürcüstanın da mühüm hissəsi Kremlin nəzarəti altındadır. Rusiyanın Mərkəzi Asiya ölkələrilə də ciddi iqtisadi və digər bağlantıları qalır. Düzdür, son illər Cənubi Qafqaz və Mərkəzi Asiyada Türkiyənin mövqeyi güclənir. Mərkəzi Asiyada Çin də özünün varlığını təsbit edə bilib. Bu da onu göstərir ki, sözügedən regionlar uğrunda savaş gedir. Hələlik birləşmiş Qərb Moskvanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa nail ola bilmir. Düzdür, təzyiqlərə məruz qoyur, sıxışdırır. Ancaq Rusiya de-fakto sözügedən coğrafiyalarda qalır. 

Əslində, Ukrayna müharibəsi Qərbi, Avropa və ABŞ-ın özünü də maliyyə resursları, hərbi imkanlar baxımından tükəndirib. Yəni Rusiyanı taqətdən salma müharibəsi əslində Moskva ilə yanaşı birləşmiş Qərbi də taqətdən salır”. 

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq Davosda keçirilən iqtisadi forumda Rusiyanın Ukraynada başladığı müharibəyə görə ciddi siyasi və iqtisadi qiymət ödədiyini deyib. O bildirib ki, Moskva hazırda siyasi baxımdan daha böyük təcrid vəziyyətindədir ki, bu hal özünü yaxın xaricdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada da göstərir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->