Xəbər lenti

Qazaxıstan buğda idxalına niyə qadağa qoydu? (ŞƏRH)
Dünya 22:01 29.07.2024

Qazaxıstan buğda idxalına niyə qadağa qoydu? (ŞƏRH)

"Qazaxıstanın bu addımı daxili ehtiyatları artırmağa hesablanıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Qazaxıstanın ölkəyə buğda idxalını məhdudlaşdırmaqla bağlı tədbirləri 2024-cü ilin sonuna qədər uzatmaq barədə qərarına münasibət bildirərkən deyib.
 
Vahid Məhərrəmov bildirib ki, Qazaxıstan taxıl istehsalını 26 milyon tondan 16 milyon tona endirib:

"Qazaxıstan 7-8 il bundan əvvəl daha çox buğda istehsal edirdi, nəinki indi. Qazaxıstan taxıl istehsalını 26 milyon tondan 16 milyon tona endirib. Qazaxıstan buğdası baha başa gəlir. Məhsuldarlıq da çox aşağıdır. Maya dəyəri də getdikcə artır. Bu səbəbdən də Qazaxıstan buğdasını almağa maraq göstərənlər də azalır. Ona görə də ehtiyatları artırmaq üçün ölkəyə buğda idxalını məhdudlaşdırmaqla bağlı tədbirləri ilin sonuna qədər uzatmaq qərarına gəliblər. Keçən il buğdanın qiyməti artanda Qazaxıstan dünya bazarına buğda çıxara bildi. Ona qədər isə az çıxarırdılar, çünki qiymət sərf etmirdi. İndi də buğdanın qiyməti düşüb, 1 tonu 190-199 dollar arasındadır. Bu da daxili bazarında yerli buğdanın baha başa gəlməsi səbəbindən Qazaxıstana sərf etmir. Nəticədə öz buğdalarını sata və ixrac edə bilmirlər".
 


Ekspert bildirib ki, Astana daxili bazarda yerli istehsalçıların biznesini stimullaşdırmaq, onları müdafiə etmək üçün belə alətlərdən istifadə edir. Həmsöhbətimiz qeyd edib ki, Qazaxıstanın ölkədə buğda idxalını məhdudlaşdırmasının dünyada buğdanın qiymətinə heç bir təsiri olmayacaq:

"Rusiyadan ucuz gələn buğda əvəzinə qazaxlar indi yerli buğdanı istehlak edəcək. Buğdanın həcmi nə artmır, nə də azalmır".

Qeyd edək ki, Qazaxıstan hakimiyyəti ölkəyə buğda idxalını məhdudlaşdırmaq üçün tədbirləri 2024-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib. Bu barədə TASS Qazaxıstan hökumətinin  xarici ticarət siyasəti üzrə komissiyasının iclasının yekunlarına istinadən məlumat yayıb. Astanada bu tədbirlər "boz sxemlər" vasitəsilə Rusiya Federasiyasından ölkəyə məhsulların idxalı təhlükəsi və Qazaxıstanın özündə yüksək məhsul yığımı ilə əsaslandırılır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->