Erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan Yerablurdakı hərbi məzarlıqda olarkən "Qraparak" qəzetinə verdiyi müsahibədə bəlkə də bilməyərəkdən bəzi ifşaedici faktlar açıqlayıb.
O, ermənilərin "qəhrəman" adlandırdıqları, tanınmış quldur Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında işbirliyi barədə danışaraq bildirib ki, 1992-ci ilin yazında Monte ilə birlikdə Xocavənddə azərbaycanlı kəndlərinin "təmizlənməsi" ilə məşğul olub.
Bu barədə məlumat verən "Caliber.az" saytının xəbərinə görə, Martiros Jamkoçyan 1958-ci il iyunun 21-də Livanın paytaxtı Beyrutda anadan olub. O, kiçik yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. 1981-ci il iyunun 9-da İsveçrənin Cenevrə şəhərinin mərkəzində Jamkoçyan türk konsulluğunun əməkdaşı Mehmet Yerquza odlu silahdan atəş açaraq qətlə yetirib. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə tezliklə Qarabağa köçüb və ölkəmizin ərazisində Monte Melkonyanın komandanlığı altında qanunsuz fəaliyyət göstərən dəstənin tərkibində etnik təmizləmədə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsində fəal iştirak edib.
"Yolboyu türk (azərbaycanlı - red.) kəndləri var idi və qrupumuz bu əraziləri təmizləməyə başladı. Dəstəmiz bütün regionda ən çox sayda hərbi texnika və silaha malik idi" deyən terrorçu eyni zamanda maraqlı epizoddan - Monte Melkonyanın İran tərəfi ilə əməkdaşlığından danışıb:
"Qubadlının azad edilməsindən (Qubadlının işğalını nəzərdə tutur. 1993-cü il avqustun 31-də baş verib, Monte Melkonyan artıq gorbagor olub - red.) əvvəl farslar Monteyə zəng edirdilər, onunla hesablaşırdılar. Bu bir sirdir və mən onu bu gün sizə açıram. Farslar Monte ilə görüşmək üçün Gorusa gəldilər. Onlar bilirdilər ki, əməliyyat hazırlanır. Həmin vaxt biz Laçın şəhərində idik, oradan Zəngilana, Qubadlıya, Horadizə hücumu davam etdirmək üçün tank diviziyamızın bir hissəsini buraya gətirmişdilər. Farslar bu əməliyyatdan xəbər tutdular, bütün bunları kimin təşkil etdiyini öyrəndilər. O zaman İranın marağı ondan ibarət idi ki, müharibənin Arazın o tərəfinə keçməməsi üçün bizimlə əməkdaşlıq etsin və bununla bağlı bizdən zəmanət alsın. Bu, 1993-cü ilin əvvəlində oldu. Beləliklə, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşır, danışıqlar aparırdılar. Əlbəttə, biz farslara zəmanət verdik ki, əsgərlərimizin İran istiqamətində atəş açmasına, həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açılmasına imkan verməyəcəyik və belə də oldu".
Erməni terrorçunun açdığı bu "sirr" Tehranın ikiüzlü siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan söhbət açan İran Qarabağda erməni terrorçuları ilə əməkdaşlıq edib.
Burada bir müddət əvvəl Türkiyə mətbuatında dərc edilən yazını da xatırlatmaq yerinə düşər. Belə ki, 2020-ci il yanvarın 6-da İran dövlət televiziyasında çıxış edən siyasi şərhçi Cehanbehş İzedi bir neçə gün əvvəl Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Qüds" qanadının komandanı, general Qasım Süleymani haqqında danışarkən bəzi faktları açıqlamışdı. Onun sözlərinə görə, Süleymani Birinci Qarabağ müharibəsində ermənilərə yardım edib. Onun fikrincə, bu dəstək İranın lehinə, türk birliyinin daha da güclənməsini əngəlləmək məqsədi daşıyıb: "1990-cı illərdə Qarabağın işğaldan qurtarılması, Naxçıvan ilə Azərbaycan arasındakı torpaqların geriyə - Azərbaycana verilməsi bölgədə türkçülüyün güclənməsinə xidmət edəcəkdi. Bizim mənafeyimizə uyğun olmayan birlik formalaşacaqdı və bölgədəki güc nisbəti dəyişəcəkdi. Buna görə də Qasım Süleymani müvafiq addımlar atdı və bu səbəbdən də torpaqlar Ermənistanın nəzarətində qaldı".
Bu, unudulmayan reallıqdır ki, 1992-ci il mayın 8-də Azərbaycan Şuşanı məhz İranın vasitəçilik mərhələsində itirib. Həmin vaxt iki ölkə rəhbərinin Tehranda görüşdüyü zaman Ermənistan hiyləgərcəsinə hücuma keçərək Şuşanı işğal etmişdi.
Elə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Araz çayı boyu Xudafərin Su-Elektrik Stansiyasının bəndinə doğru irəlilədiyi zaman baş vermiş hadisəni də bu prosesin davamı kimi qiymətləndirmək olar. Belə ki, ən qısa və təhlükəsiz yolla Zəngilana yaxınlaşarkən hərbçiləmiz İran ordusunun hissələri ilə qarşılaşmışdı. İran tərəfinin müharibə zamanı Azərbaycan Ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də onun Ermənistanın işğalçılıq siyasətinə və Qarabağdakı tör-töküntüsünə hörmətlə yanaşmasından, ona dəstək göstərməsindən xəbər verir.
Xatırladaq ki, Monte Melkonyan 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndində qəhrəman kəşfiyyatçı İbad Hüseynli tərəfindən məhv edilib. Bundan sonra Ermənistanda 3 günlük matəm elan olunub və o, Ermənistanın milli qəhrəmanı elan edilib.
İbad Hüseynli 9 oktyabr 1994-cü il tarixdə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2020-ci il dekabr ayının 9-da isə Prezident İlham Əliyev tərəfindən ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Mənbə: "Azərbaycan” qəzeti
Şərhlər