Xəbər lenti

Dünya 14:34 31.07.2024

"Politico": "Aİ Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi əldə etməyə çalışır"

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.

Bu görüşlər barədə əvvəllər məlumat verilməmişdi və Ermənistanla Azərbaycan bir-birini sammit çərçivəsində liderlər səviyyəsində görüşməkdən imtina etməkdə ittiham edirdilər.

Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək "sülh sazişini yekunlaşdırmağa” çağırıb.

Lakin Brüsseldə çoxdan gözlənilən razılaşmanın baş tutmamasından və aylarla davam edən diplomatik dalan vəziyyətindən sonra məyusluq artır.

Mişellə görüşlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev bir-biri ilə danışıqlar masası arxasına əyləşmək imkanı tapa bilməyiblər.

"Nəhayət hər iki tərəf oyun oynamağı dayandırmalı və razılığa gəlməlidir, çünki prezident Mişel sülh razılaşmasına nail olmaq üçün Aİ-nin əlindən nə gəlirsə hər şeyi edib", - Mişelə yaxın olan yüksək səviyyəli Aİ diplomatı deyib.

Nəşr qeyd edir ki, Britaniyadakı görüşlər Azərbaycanın Qarabağ bölgəsini geri almaq üçün hərbi əməliyyatın başlanılmasından cəmi 9 ay sonra baş tutub.

İndi gərginlik yenidən yüksəlir və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca "təxribatlar törətməkdə” ittiham edib və "özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi ilə” hədələyib. Ermənistan bu ittihamların həqiqətə uyğun olmadığını bildirir.

Azərbaycan Fransa kimi Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->