Mərdanla Nəzrin necə tanış olub? - İlk dəfə açıqlandı (VİDEO)
Xalq artisti Mələkxanım Eyubova rəssam qızı Nəzrin Nəcəfovanın müğənni nişanlısı Mərdan Kazımovla birgə efirə çıxıb.
Qaynarinfo OLAY-a istinadla yazır ki, onlar "Bizimləsən” verilişində qonaq olublar.
M. Eyubova həm qızının Mərdanla münasibətindən, həm də onunla "Unuda bilmirəm” adlı ifalarının ərsəyə gəlməsindən danışıb:
"Mən Mərdanın qohumları, xalası qızları ilə çox yaxınam. Bilirdim ki, belə istedadlı, gənc ifaçı var. Həmişə onlarla görüşəndə Mərdanın mahnılarını dinlədirdilər. Efirə çıxmasa da, onunla maraqlanırdım, dinləyirdim. Bir gündə dedilər ki, belə bir mahnı hazırlayacaq. Elə bil özümü gördüm, ürəyimdən gəldi ki, mahnının bu hissəsini mən oxuyardım. Fikrimi dedim, bunu Mərdanə çatdırdılar. O da demişdi ki, onun üçün də xoş olar, duet etmək.
Biz nişandan əvvəl, ötən il mahnını lentə yazdırdıq. Sonra biz səsyazma studiyasına getdik. Onda heç nədən xəbərim yox idi, Mərdan bilirmiş. Orada danışdıq ki, duet olsun. Mən gördüm ki, biz onu duet etsək, bizim səs diapozunumuz uyğun gəlməyəcək. İstəmədim ki, Mərdanın ifasına xələl gəlsin, dedim ki, mən elə bu hissəni oxuyaram. Yoxsa Mərdanın səsi bəmə düşərdi. Doğrudan da çox yaxşı etdik, Rübabə Muradovanın o yanıqlı səsi ilə o hissəni ifa etdim. Biz bu mahnını yazdırdıq. Digər məsələ də sonra alındı. Onu da başqa vaxt danışardıq da. Bir-birilərini seviblər. Hər bir ailə qurulanda sevgi ilə qurulmalıdır. Sevgisiz ailə çox getmir. Həmişə mənə sual veriləndə ki, uşaqlara sərbəstlik vermisiz, kimisə seçsə, siz razılıq verərsiz. Mən hər zaman deyirdim ki, valideyn yalnız yol göstərə bilər, istiqamətləndirər. Amma iki gənc bir-birini sevərsə, ona deyirlər, Qarabağın düzü var, düzlərində quzu var, iki könül bir olsa, kimin buna sözü var?”.
M. Kazımov isə bildirib ki, Nəzrinlə əvvəllər dost olub:
"Biz Nəzrin xanımla dost idik. Məncə, dost olmağı bacarmayan insan heç nəyi bacarmaz. Sonradan belə bir münasibətimiz yarandı. Çox danışmağı sevmirəm. Əsas odur ki, hər şey yaxşıdır. Hələ rəsmimi çəkməyib, söz verib ki, çəkəcək. Biz bir-birimizə işlərimizdə də dəstək oluruq. Biz Mələk xanımla studiyada işləyəndə əsl sənətkarın nə demək olduğunu anladım. İlk dəfəydi ki, rok ifa edirdi. Biz ha istəyirdik, deyək ki, filan yerdə belə olsun. Nəhayət cəsarətimizi topladıq, dedik. Cavab verdi ki, bunu bayaqdan deyin də. Bir sənətkar kimi bizə böyük örnək oldu. İnşallah biz də onun kimi sənətkar ola bilərik”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər