"İyulda Krımla bağlı sürpriz hadisə gözlənilir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukrayna-Rusiya müharibəsinin gedişlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, yay aylarına doğru Rusiya şəxsi heyət hesabına bir qədər irəliləməyə çalışacaq:
"Amma onun itkiləri həddən artıq çoxdur. Yaxın iki həftəyə Rusiyanın itkilərinin 500 mini keçəcəyi proqnozlaşdırılır. Kiyev isə Krım körpüsü ilə bağlı bəzi addımlar atmağa hazırlaşır. Son zamanlar yarımadaya edilən zərbələr onu deməyə əsas verir ki, Ukrayna artıq strateji əhəmiyyətli obyektləri, toplama məntəqələrini vurur".
Üzeyir Cəfərov vurğulayıb ki, Kiyev Qara dənizdə Rusiyaya məxsus raket daşıyan sonuncu gəmini də vurub sıradan çıxarıb. Lakin ekspert Ukraynanın əldə etdiyi silahlarla böyük uğur qazanacağını düşünmür:
"Hər iki tərəfdə güclü yorğunluk hiss olunur. Ona görə yaxın aylarda kiminsə üstünlük əldə edəcəyini zənn etmirəm".
Amma Üzeyir Cəfərov sürpriz hadisənin ola biləcəyini də istisna etməyib:
"Sürpriz hadisə Krımla bağlıdır. Ukrayna iyul ayına qədər Rusiyanın Krımla körpü vasitəsilə olan əlaqəsini kəsəcək. Ondan sonra Rusiyanın Krımla logistik məsələnin həllində ciddi çətinlik yaranacaq. Bu baş verərsə, Moskva məcburiyyət qarşısında qalıb bəzi şərtləri qəbul etməli olacaq".
Həmsöhbətimiz müharibənin bu il başa çatacağını düşünmür:
"Ukrayna kritik dönəmi, yəni silahların göndərilməsi məsələsini artıq adlayıb. Bunun da nəticəsində Kiyev artıq Rusiya ordusunun aktiv fəaliyyətinin qarşısını alır. Rusiya ordusunun epizodik uğurlarının isə heç bir strateji nəticəsi yoxdur. Bu orduda peşəkarlıq yoxdur. Hərbi əməliyyatlar yayda daha da şiddətlənəcək. Çünki yeni silahlar gəlir, yeni Ukrayna hərbçiləri döyüşlərə daxil olur. Qərb də Ukraynaya dəstəyin vacib olduğunu artıq anlayıb. Lakin müharibə heç bir halda dayanmayacaq. Bunun işartıları görünmür. Hər iki tərəfdə yorğunluq hiss olunsa da, bir-birinə qarşı aqressivlik də artıb".
Qeyd edək ki, son zamanlar Ukraynada müharibə aparan Rusiya Xarkov istiqamətində müəyyən dərəcədə aktivləşib. Lakin Kiyev Qərbdən silah alması fonunda artıq bu istiqamətdə tədricən olsa da, vəziyyətə nəzarəti ələ keçirməkdədir. Belə ki, rus ordusunun həmin istiqmətdə irəliləməsinin qarşısı artıq alınıb. Bu fonda belə fikirlər səslənir ki, yaya doğru müharibənin taleyi bəlli olacaq.
Rüfət Sultan
Şərhlər