Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iyunun 18-də Kiyevdə qazaxıstanlı jurnalist Aydos Sadıqova hücumu şərh edərkən deyib ki, lazım gələrsə, Qazaxıstanın rəsmi qurumları istintaqa qoşulmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin saytı
bildirib.
Tokayev vurğulayıb ki, Qazaxıstan qanunun aliliyinin möhkəmləndirilməsi kursu götürüb və onun prinsipial mövqeyi dövlətdə qanunun hökm sürməsinə yönəlib.
Həmçinin Qazaxıstan Respublikasının Prezidenti diplomatik şöbəyə və hüquq-mühafizə orqanlarına Ukrayna tərəfinə rəsmi sorğular göndərməyi tapşırıb.
"Cəmiyyətimizdəki bütün münaqişələr və fikir ayrılıqları müstəsna olaraq hüquqi müstəvidə, mövcud qanunvericilik əsasında, əsas beynəlxalq standartlara uyğun olaraq həll edilməlidir. Ötən gün Kiyevdə Qazaxıstan vətəndaşı Aydos Sadıqova qarşı baş vermiş cinayəti məhz bu baxımdan nəzərdən keçirmək lazımdır.
Mən diplomatik şöbəyə və hüquq-mühafizə orqanlarına bu ciddi insidentlə bağlı Ukrayna tərəfinə rəsmi sorğular göndərməyi tapşırmışam. Lazım gələrsə, Qazaxıstan rəsmiləri həqiqətin üzə çıxarılmasına kömək etmək üçün istintaqa qoşulmağa hazırdırlar”, - Tokayev deyib.
Qeyd edək ki, Kiyevdə, Şevçenkovski rayonunda, iyunun 18-də günorta saatlarında naməlum şəxs avtomobilə yaxınlaşaraq maşında olan qazaxıstanlı müxalifətçi jurnalist Aydos Sadıqova atəş açıb.
Qazax jurnalist Aydos Sadıqovun həyat yoldaşı "Ukrainskaya pravda"ya şərhində ərinin ağır vəziyyətdə reanimasiyada olduğunu bildirib. O, həmçinin əmindir ki, sui-qəsddə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin əli olub.
Sadıqovlar 2014-cü ildə Qazaxıstandan Kiyevə köçüblər. Aydos Sadıqov vətənində, iddia etdiyi kimi, siyasi motivlərlə cinayət təqibinə məruz qalıb.
Ukraynada onlar qaçqın statusu alıblar və özlərinin "Basse” YouTube kanalını idarə ediblər, orada Qazaxıstan hakimiyyətini və oliqarxlarını tənqid edib, 2022-ci ildə Qazaxıstanda keçirilən etiraz aksiyalarına dəstək veriblər.
2023-cü ilin payızında Aydos və Natalya Sadıqova Qazaxıstan hakimiyyəti tərəfindən nifaq salmaq ittihamı ilə axtarışa verilib.
Alpər
Şərhlər