Xəbər lenti

İran İsrailə total şəkildə dağıdıcı hücumlar edə bilərmi? (ŞƏRH)
Dünya 13:22 18.10.2024

İran İsrailə total şəkildə dağıdıcı hücumlar edə bilərmi? (ŞƏRH)

"SEPAH generalının ABŞ-ın THAAD raketdən müdafiə sistemlərinin İsrailə kömək edə bilməyəcəyi barədə açıqlaması hədə-qorxu gəlməyə hesablanıb. Reallıqda isə İsrailin müdafiə sistemləri mükəmməl işləyir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.

İbrahim Rüstəmli bildirib ki, İsraillə birbaşa döyüş meydanında qarşılaşmaq İran üçün arzuolunmaz faktdır:

"Artıq dünya düzənində yeni aktyorlar, yeni sərhəd xətləri çəkilir, yeni münasibətlər formalaşır. Yeni geosiyasi reallıqlar fonunda "sürüşmələr" baş verir. İsrail-İran münasibətləri həmişə gərgin olub. Amma artıq bir-birini açıq kontekstdə atəşə tutmaları isə yeni fazadır. Silah-sursat baxımından İsrail İranı dəfələrlə üstələyir. Bu mənada İranın İsraillə birbaşa döyüş meydanında görüşməsi Tehran üçün əlbəttə ki, arzuolunmaz faktdır. Ona görə də SEPAH generalının THAAD raketdən müdafiə sistemlərinin İsrailə kömək edə bilməyəcəyi barədə açıqlaması sadəcə olaraq, hədə-qorxu gəlməkdir. Kiberhücum, informasiya təhlükəsizliyi baxımından dünyanın heç bir sistemi İsrail sistemi qədər mükəmməl işləmir. Bura THAAD raketdən müdafiə sistemləri də aiddir".


 
Həmsöhbətimiz inanmır ki, İran İsrailə total şəkildə dağıdıcı hücumlar etsin:

"Bu baş verərsə, İran İsraillə müqayisədə 10 dəfələrlə artıq itkilərlə üzləşəcək. Bir tərəfdən də, ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqaza sızmaqdadır. Bütün bunlar İranın meydandakı durumunun yaxşı olmadığını deməyə əsas verir. İran heç bir halda İsrailin Fələstin və Livana etdiyi hücumlar səviyyəsində cəsarətli addımlar ata bilməyəcək. İsrail silahları İranın mənsub olduqlarından çox-çox güclüdür".
 
Qeyd edək ki, SEPAH komandiri, general-leytenant Hüseyn Səlami İslam İnqilabı Keşikçiləri Korpusunun vəfat etmiş baş komandan müavini Abbas Nilforuşanla vida mərasimi zamanı növbəti dəfə İsrailə hədə-qorxu gəlib. O bildirib ki, İran hədəflərinə hücum edilərsə, İran İsrailə "ağrılı" cavab verəcək və ABŞ-ın THAAD raketdən müdafiə sistemləri bu halda İsrailə kömək edə bilməyəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->