Hüseynbala Səlimov
Bəli, biz bu sətirləri İran yığmasının Uelsə qarşı əzmkar oyunundan bircə gün sonra yazmışdıq. Amma İran futbolçularının bu gözəl oyunu belə diqqətləri yayındıra bilmədi - diqqətlər yenə də regiondakı daha bir məsələyə, İrandakı proseslərə yönəlib.
Onlar heç də Ukraynadan az maraq kəsb etmir. Etirazlar üçüncü aydır ki, davam edir, beş yüzə yaxın adam həlak olub və rejim qəti geri çəkilmir.
Siyasi müşahidəçilər artıq prosesin vətəndaş müharibəsinə adlayacağını deyirlər. Ona görə də Azərbaycan bu çoxkomponentli prosesin hər detalına, hətta qonşuluğumuzda daha bir Suriyanın meydana çıxmasına hazır olmalıdır.
Bu isə heç də ən ürəkaçan senari deyil, milyonlarla qaçqın Azərbaycana və Türkiyəyə doğru istiqamət götürə bilər...
Amma ümid edək ki, bu senariyə ehtiyac qalmayacaq. Etiraz prosesləri nisbətən başqa senarilərlə tənzimlənəcək. İran cəmiyyətinin siyasi təcrübəsi çox böyükdür – bir əsrdə bir neçə inqilab edib bu xalq. Ən azı unutmaq lazım deyil ki, onlar ötən əsrin yetmişinci illərdində indikindən heç də mülayim olmayan şah rejimini deviriblər. Yeri gəlmişkən, keçmiş şahın oğullarından biri proseslərə təsir etməyə çalışır. Amma bəlkə də ABŞ-da kimsə bu senariyə önəm verir, amma İran cəmiyyəti bu haqda heç düşünmür də. Ola bilsin, ABŞ-da kimsə İranda da Misirdə olduğu kimi Hüsnü Mübarəki devirib onun yerinə Əs-Sisi kimi birisini gətirmək istəsin. Amma bir daha deyirik ki, çətin, bu variant İranda keçərli olsun.
Hazırda İrandakı siyasi etirazlar daha çox milli müstəviyə istiqamət götürür. Elə ABŞ kimi dövlətləri gözləmə mövqeyi tutmağa vadar edən də budur, çünki onların planında İranın bölünməsi senarisi yoxdur. Həm də oxucu deyə bilər ki, 1979-cu ildə də İranda inqilab olmuşdu, amma onlar İranın bölünməsinə gətirib çıxarmadı. Düzdür, bu xüsusda elə bir etirazımız yoxdur, həqiqətən də belə olmuşdu. Amma burada ciddi bir nüans var. 1979-cu il inqilabında birləşdirici ideya vardı və bu da islam idi. Amma indi belə bir ideya yoxdur, insanlar artıq islam rejiminin özünə qarşı çıxırlar.
Məsələ bundadır ki, bu illər ərzində siyasətçi mollalar insanları yalnız aldatmaqla, etiraz edənləri, inqilab zamanı verilən vədləri xatırladanları təqib etməklə məşğul oldular.
Vədlər isə olduqca böyük idi, hətta İrandakı xalqlara mədəni muxtariyyatın veriləcəyi deyilirdi. Amma nəinki bunların heç biri olmadı, əksinə tez bir zamanda hətta islam dininin rejimin əlində bir alət olduğu məlum oldu. Bəli, dildə "islam həmrəyliyi” deyildi, əməldə isə hər şey əksinə oldu - Tehran özünə rəqib etdiyi hakimiyyətlərə və dövlətlərə qarşı geniş əks-şəbəkə qurmaqla məşğul oldu. İnsanlar İranın təcrübəli cəmiyyəti artıq bunun fərqindədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl onlar "Bizi Fələstinin problemləri deyil, öz problemlərimiz düşündürür” şüarları ilə küçələrə çıxmışdılar. O vaxt siyasi etirazlar indiki kimi davamlı olmadı, tez bir zamanda söndürüldü. İndi isə insanlar üç aydır ki, etiraz aksiyaları keçirirlər. Ümid edək ki, onlar uğurlu sonluğa qədər davam edəcəklər.
Etirazçılar, İran cəmiyyəti, İrandakı xalqlar başa düşməlidirlər ki, hər şey onlardan aslı olacaq. Hətta ABŞ bu proseslərdə özünün maraqlarını güdür, hətta belə təxmin etmək olar ki, Vaşinqton burada da "idarə olunan xaoslar” senarisini tətbiq etmək istəyir. Bayden bir neçə həftə bundan əvvəl "Biz İranı azad edəcəyik!” demişdi, amma hələ ki bir ciddi dəstək hiss olunmur Vaşinqton tərəfindən.
Elə bu səbəbdən də burada bir daha, təkrar deyirik ki, hər şey İran cəmiyyətinin özəl səylərindən asılı olacaq. Yalnız onlar özləri İrana, onun xalqlarına və insanlarına azadlıq gətirə, nəhayət ki, İranın qəddar molla rejimindən qurtula bilərlər...
Şərhlər