Xəbər lenti

Gürcüstanda siyasi gərginlik - Proses nə vaxta kimi davam edəcək? (ŞƏRH)
Dünya 12:50 18.04.2024

Gürcüstanda siyasi gərginlik - Proses nə vaxta kimi davam edəcək? (ŞƏRH)

"Gürcüstan hökuməti müxalifətin təzyiqlərinə rəğmən "Xarici təsirin şəffaflığı haqqında" qəbul etdikləri qanundan geri çəkilməyəcək. Çünki hökumətin geri çəkilməsi nüfuzuna zərbə vura bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Gürcüstan parlamentinin "Xarici təsirin şəffaflığı haqqında" qəbul etdiyi qanun fonunda ölkədə siyasi durumun gərginləşməsini şərh edərkən deyib. 

İlqar Vəlizadə düşünür ki, 2024 Gürcüstan üçün olduqca mürəkkəb il olacaq. Çünki ölkədə baş qaldıran siyasi gərginlik davamlı xarakter daşıya bilər:

"Gürcüstandakı iğtişaş və etiraz aksiyasında iştirak edən siyasi qüvvələr sona qədər gedəcəklərini bəyan edir. Bu mənada proses davamlı xarakter daşıya bilər. Ancaq təcrübə göstərir ki, başlanan proses elə də davamlı xarakter daşımayacaq. Bir müddətdən sonra səngiməyə başlayacaq. Hökumətin özü də prosesin miqyasının genişlənməsinə maneə olmaq üçün müəyyən addımlar atır. Məsələ ondadır ki, Gürcüstan parlament və prezident seçkiləri ərəfəsindədir. Ona görə də proses indi səngisə də, seçkiqabağı artıq başqa səbəblərdən yenidən alovlana bilər". 
 


Həmsöhbətimizin fikrincə, prezident Salome Zurabişvili vəd verdiyi kimi, "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyacaq:

"Yeri gəlmişkən, keçən il də Zurabişvili həmin qanun layihəsinə veto qoymuşdu. Onun bu istiqamətdə atacağı növbəti addımı ölkəni siyasi böhrana sürükləyə bilər. Hökumət bu fonda yenidən prezidentin impiçment məsələsini qaldıracaq. Ancaq payızda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, impiçment proseduru sona qədər getməyəcək. Hökumət isə prezidentin vetosu fonunda istəyi yenidən alınmayacağı təqdirdə növbəti cəhd üçün payızda olacaq seçkiləri gözləməli olacaq".

Qeyd edək ki, Gürcüstan parlamentinin "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməsi bu ölkədə siyasi durumu daha da kəskinləşdirib. Paytaxt Tiflisdə parlamentin binası önündə qəbul edilən qanun layihəsinə etiraz olaraq başlayan aksiya davam edir. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş etmək qərarına gəlib. Aksiya iştirakçıları hökumət binası qarşısında Baş nazir İrakli Kobaxidze ilə görüş, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin geri götürülməsini və bütün məhbusların azad edilməsini tələb edəcəklər. Hökumət binası ətrafında polis toplaşıb. Azadlıq meydanında xüsusi təyinatlılar və güc strukturlarının əməkdaşları səfərbər olunublar. Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını bəyan edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->