Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, parlament üç oxunuşda xarici agentlərlə bağlı qanun layihəsini qəbul edərsə, ona veto qoyacaq.
Qaynarinfo xəbər verir ki, bu gün, aprelin 17-də qanun layihəsi birinci oxunuşda qəbul edilib.
"Avropa İttifaqının strategiya və tövsiyələrinə zidd olan digər qanunlara münasibətdə olduğu kimi, bu qanuna da veto qoyacağam", deyə
Zurabişvili BBC-yə müsahibəsində bildirib.
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsində qeyd olunur ki, illik gəlirlərinin 20 faizindən çoxu xarici mənbələrdən əldə olunan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçməlidirlər. Onlardan ildə iki dəfə əmlak bəyannaməsi təqdim etmələri tələb olunacaq. Tələblərə əməl edilməməsi inzibati cərimələrə səbəb olur.
Ölkənin hakim "Gürcü Arzusu" partiyası layihəni ilk dəfə 2023-cü ilin martında parlamentə təqdim edib. Onun qəbul edilməsinə qarşı kütləvi etirazlar səbəbindən təşəbbüs geri götürülüb. 2024-cü ilin aprelində partiya qanun layihəsini yenidən parlamentə təqdim edib, lakin sənədin mətnində heç bir dəyişiklik edilməyib. Gürcüstanda yenidən etirazlar başlayıb.
Nizami Bağırov
Şərhlər