Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın universitetlərində ictimai çıxışların təşkilində problem yaşayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Netgazeti" yazır.
Nəşrin məlumatına görə, "Azadlıq Uğrunda” tələbə hərəkatı dövlət başçısının artıq Tiflis, Kutaisi və Zuqdidi dövlət universitetlərindən rədd cavabı aldığını iddia edir.
Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin rektoru Şalva Kirtadze deyib ki, universitet yaxın vaxtlarda belə bir tədbir keçirməyin mənasını görmür. Onun fikrincə, Zurabişvilinin mühazirəsi yersizdir.
"Universitetdə imtahan müddəti var, mühazirə yoxdur, tələbələr iştirak etmir, uşaqlar ancaq imtahana gəlirlər. İmtahanlardan sonra evə qayıdırlar. Ona görə də indi belə bir tədbirin keçirilməsi üçün arzuolunmaz dövrdür”, deyə Kirtadze bildirib.
O əlavə edib ki, yaxın vaxtlarda hansısa universitetdə çıxış təşkil etmək istəsə, baş nazir də daxil olmaqla, hər hansı digər siyasətçiyə eyni sözləri deyəcək. Kirtadze vurğulayıb ki, hələlik tələbələr dərslərinə diqqət yetirməlidirlər.
Qeyd edək ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Bu qərar prezidentin dövlətin əsas qanununu pozması kimi izah edib. Hakim partiyaya görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması qanunsuzluqdur.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin qanun pozuntusunu tanıyıb və bununla da impiçment proseduruna başlamaq üçün yaşıl işıq yandırıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. İmpiçmentin həyata keçirilməsi təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin dəstəyini tələb edirdi. Nəticədə Gürcü Arzusu-Demokratik Gürcüstan Zurabişvilini vəzifədən uzaqlaşdırmaq üçün lazımi sayda səs toplaya bilməyib.
Aydın
Şərhlər