Xəbər lenti

Ermənistan Konstitusiyasını dəyişməsə, nə baş verəcək? (ŞƏRH)
Siyasət 12:45 07.06.2024

Ermənistan Konstitusiyasını dəyişməsə, nə baş verəcək? (ŞƏRH)

"Ermənistan Konstitusiyası indiki vəziyyətdə saxlanılsa, gələcəkdə həmin ölkə daxilində Azərbaycana qarşı ərazi iddiası üçün hüquqi əsas formalaşdıracaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Prezident İlham Əliyevin Ermənistanın hazırkı konstitusiyası dəyişməyəcəyi təqdirdə, sülh sazişinin imzalanmasının mümkün olmadığı barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

Q.Əlibəyli bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müəyyən müddəalar mövcuddur:

”Bu ölkənin Konstitusiyası Ermənistanın müstəqillik bəyannaməsinə istinad edir. Bəyannamədə keçmiş Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi nəzərdə tutulur. Ermənistan gerbində həmçinin Türkiyəyə məxsus Ağrı dağı təsvir olunub. Bununla İrəvan həmin ərazini də öz ərazisi kimi təqdim edir. Ərazi iddialarına əsas verən bu müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Əks halda, sülh müqaviləsi bağlansa da, qarşı tərəfin rəsmi sənədlərində ölkəmizə qarşı ərazi iddiaları saxlanılacaq. Bu tamamilə mümkün olmayan məsələdir”.
 


Hüquqşünas vurğulayıb ki, Ermənistan Konstitusiyasındakı bu müddəalardan imtina etməlidir:

”Ermənistan tərəfindən də Azərbaycan Konstitusiyasının dəyişdirilməsi barədə fikirlər səslənir. Lakin Azərbaycan  Konstitusiyasında nə Ermənistan, nə də başda dövlətlərə qarşı ərazi iddialarına əsas verən heç bir norma yoxdur. Hesab edirəm ki, Ermənistanın bir tərəfdən ərazi iddialarını Konstitusiyada saxlaması, o biri tərəfdən də sülh sazişini imzalaması sülh sazişinin prinsiplərinə ziddir. Ermənistan Konstitusiyası indiki vəziyyətdə saxlanılsa, bu gələcəkdə həmin ölkə daxilində Azərbaycana qarşı ərazi iddiası üçün hüquqi əsas formalaşdıracaq. Ona görə də heç bir dövlət, özəlliklə də qalib olan dövlət bununla razılaşmamalıdır. Düşünürəm ki, son mərhələdə İrəvan Konstitusiya dəyişikliyinə gedəcək. Ermənistanın dövlət olaraq gələcək inkişafı regionda sülh və təhlükəsizliyin təmin olunmasından keçir”. 

Qeyd edək ki, Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanmasının mümkün olmadığını söyləyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->