Xəbər lenti

Ermənistan Gürcüstandan nə istəyir və Tiflis regionda yeni müharibəyə
Siyasət 16:06 03.09.2024

Ermənistan Gürcüstandan nə istəyir və Tiflis regionda yeni müharibəyə "töhfə" verəcəkmi?

"Papikyanın Gürcüstana səfərində əsas məqsəd Tiflisin Avropadan Ermənistana gələn silahların daşınmasına razılıq verməsilə əlaqədardır və bu baş tutarsa, regionda yeni müharibəyə "töhfə" vermək demək olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan müdafiə naziri Suren Papikyanın Gürcüstan səfərini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Gürcüstan Ermənistan üçün indiki vəziyyətdə Qərbə, Avropaya çıxış qapısıdır. Ona görə də Gürcüstan dövləti İrəvan üçün strateji xarakter daşıyır: 

"Təkcə müdafiə naziri Papikyan deyil, Ermənistanın digər dövlət rəsmilərinin tez-tez Tiflisə olan səfərləri məhz Gürcüstanın Avropaya açılan qapı olması ilə əlaqədardır. Rusiya ilə münasibətlərin gərginləşməsi, Azərbaycan və Türkiyədən çıxışın olmaması fonunda İrəvan Gürcüstanı Qərb dünyasına yeganə çıxış qapısı kimi dəyərləndirir. Ona görə də İrəvanda şimaldakı qonşusuna çox həssas ölkə kimi baxırlar. İrəvan həmçinin ordusunun silahlandırılması ilə bağlı loqistik problemləri düşünür. Paşinyan da bunu dəfələrlə vurğulayıb. İndiki halda Hindistan, Fransa və digər ölkələrdən Ermənistana gələn silahlar məhz İran vasitəsilə daşınır. Ancaq Ermənistan üçün daha rahat yol Gürcüstan üzərindəndir".
 


Ekspert bildirib ki, Tiflis bu məsələdə İrəvana yaşıl işıq yandırsa, Ermənistanın Avropadan silahlandırılması xeyli asanlaşacaq:

"Papikyanın Gürcüstan Müdafiə Nazirliyilə əməkdaşlıqda əsas niyyəti də Tiflis hakimiyyətinin silahların daşınmasına razılıq verməsilə əlaqəlidir. Bu məsələ tez-tez iki dövlət arasında müzakirə olunur. Çünki Tiflis üçün Türkiyə və Azərbaycan amili də var. Bakı Tiflisi bu yöndə xəbərdar edib ki, Ermənistana gedən silahlar Gürcüstandan keçməsin. Bu silahların Ermənistana ötürülməsinin asanlaşdırılması regionda yeni müharibəyə "töhfə" vermək deməkdir". 

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 1-də Gürcüstana səfərə gedib. Bu barədə erməni rəsmi qaynaqları məlumat yayıb. Lakin səfərin məqsədləri barədə heç nə deyilmir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->