Xəbər lenti

Şərin metafizik mahiyyəti - II Yazı
Şəlalə Göytürk Niaqara
Sənət 17:02 07.08.2024

Şərin metafizik mahiyyəti - II Yazı

Yazının birinci hissəsində şər probleminə fəlsəfi açıdan qısa aydınlıq gətirməyə çalışdım. Epikür paradoksuna, Avqustinin bu paradoksu cavablandırmaq cəhdinə, Leybnisin "mümkün dünyaların ən yaxşısı” teoriyasına, eləcə də ibrahimi dinlərdəki "azad iradə” məsələsinə toxundum. 

Bu hissədə isə şər probleminə din müstəvisində, həm də daha geniş aspektdən baxmağa çalışacağıq. 

Əvvəla onu deyək ki, monoteist dinlərdə (İudaizm, Xristianlıq və İslam) şər probleminə münasibət (bəzi yanaşmalar istisna olmaqla) konkret düşüncəyə əsaslanır: dünyadakı və kainatdakı bütün pisliklərin mənbəyi Şeytandır. Müqəddəs kitablara görə Şeytan Adəmə səcdə etmədiyi üçün Tanrının dərgahından qovuldu. O zaman Şeytan and içdi ki, o, insanın Tanrıya layiq bir məxluq olmadığını sübut edəcək. Tanrı tərəfindən ona verilən müddətə - qiyamətə qədər insan övladını haqq yolundan azdıracaq, insanın fitnə-fəsad yaymasına, pis işlər görməsinə vəsilə olacaq. Bununla da insanın "yaradılanların ən şərəflisi” adına layiq olmadığını sübut edəcək. Əhvalatın xronologiyası  məlumdur, olaylar Adəmlə Həvvanın xeyir-şər ağacının meyvəsindən yeməsi, cənnətdən qovulması, imtahan dünyasına sürgün olunmaları ardıcıllığı ilə davam edir. 

Hər üç dinin müqəddəs kitabı yer üzündəki şərin səbəbini İblisin fəaliyyətinin təzahürü kimi qiymətləndirir. 

Beləliklə, semit dinlərə görə insani pisliklər, İblisin, fəlsəfi dildə desək, metafizik şərin törəmələridir. İnsanın şərdən uzaq olması, Tanrıya iman gətirib, mömin kimi yaşaması və axirətdə cənnəti qazanması üçün tanrı peyğəmbərlər vasitəsi ilə vəhylər göndərib. Bu vəhylər insana necə yaşamalı olduğunu öyrədir. Kim ilahi vəhyə tapınıb düz  yolla gedərsə, nicat tapacaq, kim Tanrı sözünü dinləməzsə, cəhənnəmdə onu ağır cəzalar gözləyir. 

Haqq yol isə allaha və onun peyğəmbərinə iman gətirmək, günahlardan çəkinməkdir. 

Beləliklə, xeyirə və şərə teoloji yanaşmada iradə azadlığı məsələsi ortaya çıxır. I yazıda islam fəlsəfəsində iradə azadlığı probleminə qədəriyyə və cəbəriyyə cəbhələrində iki əks münasibətin olduğunu vurğulamışdım. Lakin ziddiyyətlər təkcə bu qütbləşmə ilə yekunlaşmır. 
  
İslamda iradə azadlığı məsələsinə əhatəli şəkildə yanaşan ilk islam ilahiyyatçısı Qəzalinin yanaşmasına baxaq. 

Qəzali talenin insan doğulmazdan öncə yazıldığına inansa da qədərçiliyi, hər şeyin allahın əmrində olduğunu qəbul etsə də cəbəriliyi doğru saymır. 

O, cəbəri düşüncəsinin insani münasibətlərdə anarxizmə gətirib çıxaracağını qeyd edir ("Kitabü'l-Ərbəin”, Qahirə 1328).

Qəzali eyni zamanda qədərçi dünyagörüşünə qarşı çıxaraq, onları şirkdə suçlayır. Teoloq xeyir-şər və iradə məsələsinə münasibətdə Quranda keçən "Sənin özün də, hərəkətlərin də Allahdandır”. ("Saffat” 37/96) ayəsinə əsaslanır. Ayənin Qəzali tərəfindən təfsirinə görə bəndə bir hərəkəti etmək və ya etməmək azadlığına malikdir. Qəzaliyə görə bu seçim allahın nəzarətindən və iradəsindən kənarda baş vermir. Azadlıq insana allah tərəfindən bəxş edilir və "insan onun üçün təyin edilmiş bu azadlığa məcburdur” deyir. (Qəzali "İhya”, 4/5-7, 253-255, 258). 

İslam aləminin nüfuzlu alimlərindən sayılan Qəzali insanın törətdiyi bütün yaxşı və pis əməllərin Allahın izni ilə reallaşdığını bildirir. Bu düşüncədən çıxan nəticəyə görə  Allah şərin olmasına icazə verir. Beləliklə, Qəzali də daxil olmaqla əksər islam fundamentalistləri Allahın şərə icazə verdiyini, şərin insan üçün bir seçim olduğunu bildirirlər. 

Məsələnin bu tərəfi aydındır. Lakin bu halda aydın olmayan, daha doğrusu adil olmayan situasiyalar ortaya çıxır. Məsələn, bir insan şər törədərək bir uşağa təcavüz edib öldürür. Dinlərə görə bu cinayəti törədən böyük günah işləyib və öldükdən sonra Allaha cavab verəcək. Tutaq ki, allah da bu adamı ən ağır cəzaya məhkum edir. Bəs bu halda ədalətin bərqərar olunduğunu deyə bilərikmi? Həmin uşağın bu dünyada çəkdiyi əzab necə kompensasiya edilə bilər? Dinin cavabı belədir: "O uşaq cənnətə gedəcək”. Yaxşı, bəs onun bu dünyadakı missiyası, imtahanı nədən ibarət idi? Həqiqətənmi o, kiminsə pislik-yaxşılıq sınağında qurban olmaq üçün dünyaya gəlmişdi? 

Təəssüf ki ilahyyatçılar tərəfindən bu suallara qənaətbəxş cavablar verilmir. 

İslam ilahiyyatçılarının daha bir önəmli nümayəndəsi İbn Ərəbiyə görə yaxşılıq da pislik də allahdan gəlir. Yəni, Tanrı istəsə  yaxşılıq, istəsə pislik törədə bilər. Bu dualizm Tanrının "Quran”da keçən adlarında (sifətlərində) də özünü  göstərir:  Əl-Hadi (Doğru yola yönəldən), Əl-Mudill (Yoldan sapdıran), Əl-Qaffar (Əfv edən), Əl-Muazzib (Əzab verən), Ər-Rahim (Bağışlayan), Əl-Mübli (Bəla verən) (İbn Arabi, "Füsusu’l-Hikem”) "Qurani-Kərim”də keçən bu adlar – yəni Allahın sifətləri islam fəlsəfəsində ilkin dualist görüşlərin meydana gəlməsinə səbəb oldu. 

Nəticədə ortaya yeni suallar çıxdı:

1. Xeyir də şər də allahdan gəlirsə, bəs onda iblisin vəzifəsi nədir? 
2. Allahın istəmədiyi şeyin olması mümkün deyilsə, o zaman İblis tanrının iradəsini yerinə yetirir?

Təsəvvüfçülər bu məsələlərin üzərinə gedərək, yaradılan, mövcud olan bütün varlığın nüvəsində ikili əsasın olması və bu ziddiyyətin allahın hökmü ilə meydana gəlməsini iddia etdilər. 
"Pis olmasaydı, yaxşının yaxşı olması bilinməzdi”, "Bizə pis kimi görünən şeylər əslində dərk edə bilmədiyimiz yaxşılıqlardır”, "Allahdan gələn hər zərərdə mütləq bir xeyir var” kimi düşüncələr teoloqların zaman-zaman tanrı və şər probleminə verdiyi təfsirlərin qısa xülasəsidir. 

İslam fəlsəfəsinin bir qolu olan sufizmdə varlığın dualist mahiyyəti üzərində mübahisələr, müzakirələr məsələni şərin, yəni iblisin tanrının əmrində və nəzarətində olması ideyasına qədər gətirib çıxardı. Yəhudi Bibliyasında iblis tanrının ən sadiq xidmətçilərindən birincisi, (günah-savab məsələlərinə baxan) xristianlığın və islamın müqəddəs kitablarında isə imanı, tövhidi ilə ilahi qatda yüksək  məqama çatmış varlıq kimi simvolizə olunur. 

Əvvəlcə tanrıya xidmət edən, daha sonra onun əmrindən çıxan İblis əhvalatına, eləcə də Adəmlə Həvvanın cənnətdən qovulması, ümumdünya daşqını kimi əfasanələrə qədim Misir peyğəmbəri Enokun kitablarında da rast gəlinir. Enokun kitablarındakı rəvayətlər də daha qədim mənbələrə - Şumer və Babil mifologiyasına gedib çıxır. Bu da ayrıca işlənməsi gərəkən bir mövzudur. 

Söhbət gəlib bu yerə çatanda təsəvvüfçülərin bəlli qanadı Tanrı-İblis münasibətlərinə fərqli mövqedən yanaşmağa başlayır. Müqəddəs kitablara görə Tanrı iblisi oddan yaratdı. Ona "Adəmə səcdə et” deyə əmr etdi. İblis cavabında "palçıqdan yaradılmış birinə səcdə etmərəm”, ( Yeşaya-14:12-14, Yezekel - 28:12-18. "Qurani-Kərim”-Hicr:33) Həllac Mənsura görə isə İblis o məqamda  Tanrıya "səndən başqa səcdə ediləcək məbud yoxdur”) söyləmişdi. (Həllac Mənsur -"Əl- Müqəddimə”). 

Məşhur sufi mistiki Həllac Mənsura görə Allahın əmri başqa, iradəsi başqadır. Allah bir şeyi əmr edirsə, bu heç də həmişə "Allah onu istəyir” anlamına gəlməməlidir. Həllaca görə Allah "Adəmə səcdə et” desə də, daxili istəyi – iradəsi "özündən başqa bir varlığa səcdə edilməz”  formasındadır. İblis də bunu bildiyi üçün eyni zamanda  tövhidə zidd olduğuna əsaslanıb Tanrıdan başqa bir varlığa boyun əyməyəcəyini elan edib. Həllac Mənsura görə bu olay İblisin Tanrıya olan sonsuz sadiqliyini ifadə edir. Hansı ki mələklərdən heç biri bu mərtəbəyə yüksələ bilməmişdir. ("İncil”də və "Quran”da mələklər azad iradəsi olmayan, tanrının planına uyğun proqramlaşdırılan məxluqlardır.  İnsanlar və cinlər isə əksinə, azad iradəyə malikdirlər. Bu səbəbdən hər hansı insanın və ya cinin öz iradəsi ilə Allah qatında yüksəlməsi onları mələklərdən üstün edir. İblis də bu üstünlüyə malik cinlərdən idi – Ş.G.Niaqara). 

Həllac Mənsurun bu görüşü islam fəlsəfəsində bir fırtına yaratdı. Sufilərin bir çoxu Həllacın bu yanaşmasını qəbul etdi. 

Həllac Mənsur "Qurani-Kərim”ə istinad edərək Allahın mələkləri öz nurundan, iblisi öz alovundan, insanı isə öz ruhundan üfürərək yaratdığını bildirmiş, Allahın bütün maddi və mənəvi varlıqlarda təcəlla etdiyini göstərmişdi. (Buradan da yeni mübahisə ortaya çıxdı: "öz nurundan, öz alovundan” yoxsa sadəcə, nurdan və alovdan yaratdı? Ənəlhəqçilər "öz” ifadəsinin üzərində dayandılar, digər təsəvvüfçülərin bu barədə tərəddüdləri var.)

Tanınmış sufi Əhməd Bin Yəhya əl-Mürtəza sual-cavab formasında yazdığı "Əl-Münyə və'l-Əməl” əsərində qeyd edir: 

- Sual: Peyğəmbərlər ölümlü olduğu halda iblisin qiyamətə qədər yaşamasının hikməti nədir? 

Cavab: 
"Özündən asılı olacağımız yeganə varlıq Allahdır. Peyğəmbərlərə gəlincə, allah ard-arda peyğəmbər göndərərək insanları tək peyğəmbərə bağlı qalmaqdan qurtarmışdır. İblisə gəldikdə, Allah onun məhvində bir fayda görsəydi, əlbəttə onu tamamilə məhv edərdi. Onun (İblisin) qiyamətə qədər yaşamasında bir zərər görsəydi, onu yaşatmazdı. Demək İblisin ölümündən doğan pislik yaşamı ilə törətdiyi pislikdən daha böyük olacaq.” 

Digər müsəlman filosoflar- əsasən kəlamçılar, sxolastiklər şər məsələsində xristian teoloqu Avqustinin "yoxluq” ideyası ilə razılaşırlar. Avqustin şəri müstəqil, obyektiv bir gerçəklik kimi yox, "xeyirin olmaması” kimi tərif edirdi. İslam aləmində bu düşüncə axını ilk dəfə Molla Sədra tərəfindən sistemləşdirildi. Molla Sədra teoloji şər anlayışını nəzəri-fəlsəfi baxımdan sistemləşdirən ilk müsəlman filosofdur. 

Molla Sədra şeytanın varlığının zəruriliyini sübut etmək üçün təsəvvüf yolu ilə getməyə üstünlük verir.  

Məlum olduğu kimi, müsəlman sufilərin bir qismi (məsələn, Ənəlhəqçilər) "Quran”da Allahın bütün adlarının və sifətlərinin antonimi olduğunu əsas gətirərək, şərin varlığının Tanrıdan gələn təcəlla olduğuna inanırlar. 

Molla Sədra da bu görüşə qatılaraq, "Şeytan Allahın qəzəbinin təzahürüdür” qənaətinə gəlir. 

"Qurani-Kərim”ə görə Allah bütün varlıqları müəyyən bir hikmət və fayda səbəbi ilə yaratmışdır. Molla Sədraya görə bu mənada şeytan da istisna deyil. O da digər sufilər kimi şeytanın maddi dünya üçün faydalarından bəhs edir. 

Molla Sədranın təsnifatlandırmasında Şeytanın varlığı yoxluğundan daha faydalı göstərilir. Sədranın təfsiri belədir: "Əgər maddi aləmdə Şeytan mövcud olmasaydı, dəlalət vasitələrinə də ehtiyac qalmayacaq, insanlar təkamül yolunda öz iradələri olmadan irəliləməyə məcbur olacaqdılar. İnsan övladı yalnız şeytanla mücadilədə həqiqi təkamülə çata bilər. Şeytan olmasa, təkamül də baş verməz. (Söhbət mənəvi təkamüldən gedir- Ş.G.Niaqara).  "Quran”da bəhs edilən Şeytanın varlığı və üsyan hekayəti də möminlər üçün bir ibrət dərsidir”. (Molla Sədra, "Məfatihül-Qeyb”, 1: 245.)

Çağdaş islam ilahiyyatçısı Məkarim Şirazi Şeytanın yaradılma səbəbi haqqında yazır:  

"Allah İblisi şeytan olaraq yaratmamışdır. Çünki o, (Şeytan) uzun müddət mələklərlə yoldaş olub, pak idi. Lakin sonra azadlığından istifadə edərək üsyana qalxdı. 

Yaradılış nizamı baxımından Şeytanın varlığı, doğru yol  getmək istəyən möminlər üçün vacibdir. O, (Şeytan) zərərli deyil. Əksinə, o, möminlərin tərəqqi və təkamül vasitəsidir. Çünki tərəqqi və təkamül həmişə ziddiyyətlər arasında baş verir”. (Nasir Məkarim Şirazi, "Təfsir-i Nümunə”. Qum: Darül-Kitabül-İslami, 1363). 

Beləliklə, bu yazıda olduqca əhatəli mövzu olan şərin metafizik mahiyyətinə, dini-teoloji izahlarına müxtəlif mövqelərdən lakonik nəzər salmağa çalışdıq. Gəldiyimiz nəticə isə belədir: 
Şər - monoteist dinlərə görə (bəzi təriqətləri çıxmaq şərtilə) hər şeyə qadir Tanrının iradəsi əsasında mövcuddur. Şər – xeyirin digər üzüdür. Şər olmasa, xeyirin mahiyyəti üzə çıxa bilməz. Bu dualizm varlığın mahiyyətində başlanğıcdan sona qədər davam edəcək. Siyasi dildə desək, Tanrının da müxalifətə ehtiyacı var. Fəlsəfədə "ziddiyyətlərin vəhdəti və mübarizəsi qanunu” adlanan bu vəziyyət dialektik inkişafın tarazlığını təmin etmək baxımından zəruridir. 

Şəlalə Göytürk Niaqara 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->