Xəbər lenti

Ərdoğan və Əsəd görüşü: Gərginlik başa çatır? (ŞƏRH)
Dünya 14:31 15.07.2024

Ərdoğan və Əsəd görüşü: Gərginlik başa çatır? (ŞƏRH)

"Ortada iradə olduğundan görüşün baş tutması ehtimalı az deyil və böyük əhəmiyyət kəsb edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə və Suriya liderləri arasında görüşün olacağı barədə yayılan məlumatları şərh edərkən deyib: 

"Türkiyə və Suriya rəhbərliyi arasında görüşlərin keçiriləcəyilə bağlı informasiyalar iki aya yaxındır ki, mediada səslənir. Bununla bağlı hətta Türkiyə və Suriya rəsmilərinin də müəyyən açıqlamaları olub. Son bir həftədə bu istiqamətdə xəbərlər daha da intensivləşib. Medianın məlumatına görə, belə bir görüş Bağdadda olacaq. Görüşdə Suriyada baş verən proseslər, Ankara - Dəməşq münasibətlərinin gələcəyi, müəyyən uzlaşmanın olması, bölücü terror qruplaşmalarına qarşı birgə mübarizə istiqamətində müxtəlif müzakilərin olacağı barədə fikirlər səslənir. Bu xəbər ciddi olmasaydı, 15 gün əvvəl Türkiyə və Suriyada yaşanan məlum hadisələrin şahidi olmazdıq. Həmin hadisənin baş verməsində maraqlı olan qüvvələr var”. 
 


Həmsöhbətimizə görə, görünən odur ki, keçirilməsi gözlənilən görüşdə razılaşmalar əldə ediləcək.

V.Zifəroğlu bununla yanaşı, belə bir görüşün keçirilməsində maraqlı olmayan qüvvələrin xarici və daxili faktorlardan istifadə edərək, müəyyən addımlar atmağa çalışacaqlarını da istisna etmir:

"Amma istənilən halda burada bir iradə var. Ona görə təzyiqlərə rəğmən, belə bir görüş keçiriləcək. Hətta ilkin razılaşmaların da şahidi olacağıq. Bu, həm Türkiyəyə, həm də Əsəd rejiminə lazımdır. Hər iki tərəfin buna ehtiyacı var”. 

Qeyd edək ki, "Al Akhbar” nəşri İraq Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən İraq, Türkiyə və Suriyanın xarici işlər nazirliklərinin Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etmək məqsədilə uyğun ab-hava yaratmaq üçün danışıqlar apardıqlarını bildirib. Qeyd edilir ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o demək deyil ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var. Vurğulanıb ki, Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər. İraq xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, yaxın zamanda Türkiyə və Suriyanın xarici işlər nazirləri arasında görüş baş tutacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->