Xəbər lenti

Şəhla Həmidova: “Qəbrimin üstünə şəkilimi də vurmasınlar” (MÜSAHİBƏ)
Sənət 13:00 03.05.2023

Şəhla Həmidova: “Qəbrimin üstünə şəkilimi də vurmasınlar” (MÜSAHİBƏ)

ATV telekanalında yayımlanan "Xalq ulduzu” yarışmasının iştirakçısı Şəhla Həmidovanın Qaynarinfo-ya müsahibəsi:
 
- Şəhla xanım, ATV telekanalında yayımlanan "Xalq ulduzu” yarışmasının iştirakçılarından biri olmusunuz. Həmin vaxtlar tamaşaçıların sevimlisi olan sənətklar indi efirlərdə gözə dəymir. Sizi efirdən, səhnədən ayıran səbəb nədir? 
- Tamaşaçılarım məni efirdə az-az görməyinə üzülməsinlər. Bəlkə də belə daha yaxşıdır. Ortalıqda olub hörmətsiz olmaqdansa, olmamaq daha yaxşıdır. Odur ki, heç bu barədə düşünmürəm. 

- Ad gününüzdür. Bir qadın olaraq əziz gününüzdə kimdən təbrik umursunuz, nə hədiyyə gözləyirsiniz? 
- Mən heç vaxt ad günümü təmtəraqlı keçirməmişəm, evdə özüm üçün qeyd edirəm. Aailə arasında qeyd edirik, vəssalam. Belə günlərimdə özümə ancaq sağlamlıq arzu edirəm. Allah məni heç kəsə möhtac etməsin. Xöşbəxtlik pulda deyil. Bu dünyada xöşbəxt olmaq üçün gərək heç kəsdən heç nə gözləməyəsən. Mən də heç kimdən nəsə ummuram. Ad günümdə heç vaxt kimdənsə hədiyyə gözləməmişəm. Ancaq oğlumdan nəsə gözləyə bilərəm. Sənətçinin yeganə arzusu səhnədir, sağ olsunlar dəvət alanda gedirəm. 

- Toylara dəvət gəlir? 
- Arada dəvətlər alıram. Kim desə ki, ardı-ardına toylara dəvət alıram, inandırıcı deyil. Çağrılmayan yerlərə necə gedə bilərsən ki?

- Yarışmada hamı sizin gələcəyinizə inanırdı. Hamı gözləyirdi ki, böyük səhnələrdə olacaqsınız. Amma nədənsə birdən-birə büdrədiniz. Bəlkə sizə qarşı düşmənləriniz tələ qurdu?
- Mənim kiminləsə şəxsi düşmənçiliyim yoxdur. Heç vaxt olmayıb, ümid edirəm ki, bundan sonra da olmaz. Amma özümə qarşı düşmənçilik edənləri görürəm. Əgər hər şey yolunda olsaydı, indi mən də ortada olanlardan biri olardım. Qarşımı kəsənlər çox oldu və bu indi də davam edir. 

- Qabağa getmək, hər gün şou-proqramlarda olmaq üçün mütləq pul xərcləməlisən, yoxsa adamın olmalıdır? 
- Əgər mənim yaxşı pulum varsa, onu niyə başqalarına xərcləyirəm ki? Pulu özümə, sənətimə xərcləyərəm. Ona-buna niyə pulumu verməliyəm? Xərcləyim, sonra da bütün günü düşüm ora-bura ki, pul qazanmalıyam? Belə olmur. Aydın məsələdir ki, ortada olanlar kimin və nəyinsə hesabına görünürlər. Bu barədə geniş danışmaq istəmirəm. Amma hamı hər şeyi görür və bilir. 

- Hiss olunur ki, sənəti seçdiyinizə görə peşmansınız? 
- Qətiyyən, sənəti və istedadı mənə Allah verib. Allah mənə səs verib, amma bilsəydim ki, sonum belə olacaq, heç vaxt səhnəyə çıxmazdım. Bunu səmimi deyirəm. Bilsəydim ki, mənə qoyulan dəyər belə olacaq heç oxumazdım da. Amma Allaha min şükür. Sözümü deyə bilirəm.

- Əməkdar artist Cavanşir Məmmədovdan müsahibəsində dedi ki, bircə arzusu var, o da öləndə qəbir daşının üstünə "Xalq artisti" sözünün yazılması... 
- …Ölüm haqqdır, heç kəs bilmir yarım saatdan sonra başına nə gələcək. Odur ki, mən işimi əvvəlcədən ehtiyyatlı tutmuşam. Bu məsələdə fikirim belədir, oğluma vəziyyət etmişəm, demişəm ki, öləndə qəbrimin üstünə şəkilimi də vurmasınlar. Sadəcə qəbir daşına adımı yazın, vəssalam. Bitdi və getdi. Başdaşımda şəkilimi istəmirəm. İnsana sağlığında qiymət vermək lazımdır, öləndən sonra şəkil olsa nə olacaq, olmasa nə olacaq? Bu günə kimi dünyasını dəyişənlərə baxaq. Eləsi var ki, lazımi qiymətini alıb, eləsi də mənim kimi dəyərləndirilməyib. Öləndən sonra qoyulan hörmət heç kəsə lazım deyil. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->