Xəbər lenti

“Demokratiya sammiti”: ABŞ-ın uzaq vuran silahı, yoxsa...(ŞƏRH)
Siyasət 11:47 31.03.2023

“Demokratiya sammiti”: ABŞ-ın uzaq vuran silahı, yoxsa...(ŞƏRH)

ABŞ-da martın 30-31-də keçirilən "Demokratiya sammiti” xüsusi bir önəmə malik deyil. Lakin bu toplantının Birləşmiş Ştatların qlobal səviyyədə rəqiblərinə qarşı istifadə etdiyi tribunaya çevirdiyi danılmazdır. Sammitə dəvət olunan dövlətlərin qərəzli, ədalətsiz və qeyri-sağlam məntiqlə seçilməsi də nəzərdən qaçıla bilməz. Türkiyə, Macarıstan kimi dövlətlərin dəvət almadığı tədbirə demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin çağırılması, bu toplantıların əslində anti-demokratik mahiyyətini ifşa edir. Ermənistan kimi işğalçı, terroru dəstəkləyən, anti-demokratik dövlətin sammitə dəvət edilməsi sözün əsl mənasında absurddur. 

Nikol Paşinyan hakimiyyətə gəlməklə bütün siyasi rəqiblərinə qarşı repressiyalara başladı. Müxalifətçilərin bir qismi həbs edildi, digər qismi isə zor gücü ilə susduruldu. Ermənistanda elementar insan hüquqlarından, söz azadlığından söhbət belə gedə bilməz. Belə olan halda, Paşinyanın "demokratiya sammiti”nə dəvət edilməsi, Ermənistan üçün zorla demokrat imici yaratmaq cəhdindən başqa bir şey deyil. Paşinyan isə əvəzində ikili oyununu davam etdirir. Ukraynadakı müharibə ilə bağlı yekun sənədə imza atmaqdan boyun qaçırmaqla, rəsmi Vaşinqtona bir daha göstərdi ki, o, Rusiyanın yanındadır. 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ demokratiya məfhumundan istifadə etməklə sadəcə olaraq dünyanı öz marağına tabe etdirməyə çalışır:


 
"Bu sammitə dəvət edilən ölkələrin siyahısı göstərir ki, ABŞ demokratiyadan sadəcə olaraq özünün geosiyasi maraqları naminə istifadə edir. ABŞ-ın özü üçün demokratiya adında bir dəyər mövcud deyil. Onlar demokratiyadan başqa dövlətlərə, cəmiyyətlərə təsir etmək baxımından silah kimi istifadə edirlər. Ona görə də sözügedən sammitə Ermənsitan baş naziri Nikol Paşinyanın dəvət almasından təəccüblənmirəm. Halbuki Paşinyan hakimiyyətə gəldiyi ilk gündən siyasi opponentlərinə qarşı ən müxtəlif ağlasığmaz zorakılıqlar həyata keçirib. ABŞ hətta demokratiyadan əsər-əlamət olmayan ölkələrlə belə yaxın münasibətlərdədir. Vaxtilə Çörçil demişdi ki, "Demokratiya bizim uzaq vuran silahımızdır. Onun vasitəsilə istənilən hədəfi rahatlıqla vururuq”. Bunun özü də göstərir ki, ABŞ kimi ölkələr sadəcə olaraq demokratiya məfhumundan istifadə etməklə dünyanı öz maraqlarına uyğun idarə etməyə çalışırlar. Belə bir idarəçiliyə tabe olmayan ölkələr isə onlar tərəfindən anti-demokratik ölkələr kimi təqdim olunur”. 

Deputatın sözlərinə görə, Amerika cəmiyyətində heç bir demokratiya mövcud deyil:
 
"ABŞ insan hüquqlarının ən kobud şəkildə pozulduğu bir ölkədir. İnsanlığa qarşı ən qanlı cinayətləri məhz ABŞ işlədilib. Demokratiyadan əsər-əlamətin olmadığı Ermənistan və bir sıra Afrika ölkələri rəhbərlərinin sammitə dəvət edilməsi tədbirin mahiyyətini aşkar şəkildə ortaya qoyur. Sammit ABŞ-ın öz cəbhəsində gördüyü dövlətlərin bir araya gəlməsi və onların güclərinin Vaşinqtonun marginal maraqları istiqamətində səfərbər olunması üçün bir platformadır. Onun demokratik dəyərlərə heç bir aydiyyatı yoxdur. Təcavüzkar, işğalçı, soyqırım həyata keçirən və terroru dəstəkləyən Ermənistan demokrarik ölkə kimi qəbul olunaraq, "Demokratiya sammiti”nə dəvət olunur. Bundan böyük riyakarlıq, saxtakarlıq, bəşəri dəyərlərə hayqırmaq olarmı? Təəssüf ki, ABŞ və müttəfiqləri bu cür edir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->