Xəbər lenti

Dəhlizlə bağlı maddə sülh sazişindən niyə çıxarıldı? (ŞƏRH)
Siyasət 14:46 08.08.2024

Dəhlizlə bağlı maddə sülh sazişindən niyə çıxarıldı? (ŞƏRH)

"Laçın dəhlizi anlayışı öz əhəmiyyətini itirib. Ancaq Azərbaycanın qərbi ilə, Naxçıvanla yerüstü quru dəhlizinin olmaması gələcəkdə yenə problemlərin yaranmasına gətirib çıxarda bilərdi. Buna görə də, Azərbaycan israrla Naxçıvana dəhlizin olmasını bildirirdi. Ermənistan isə dəhlizi Azərbaycanın şərtləri ilə vermək istəmirdi. İndi isə yeni bir gəlişmə baş verib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Hüseynov dəhlizlə bağlı maddənin sülh sazişindən çıxarılmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycan 44 günlük müharibədə qalib gələrək öz ərazi bütövlüyünü demək olar bərpa edə bilib:

"Daha sonra həyata keçirilən anti-terror əməliyyatı nəticəsində proses tamamilə başa çatdı. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədilər və 1828-ci ildə necə gəlmişdilərsə, eləcə də Qarabağı tərk etdilər. Bununla da, Laçın dəhlizi anlayışı öz əhəmiyyətini itirdi. Ancaq Azərbaycanın qərbi ilə, Naxçıvanla yerüstü quru dəhlizinin olmaması gələcəkdə yenə problemlərin yaranmasına gətirib çıxarda bilərdi. Buna görə də, Azərbaycan israrla Naxçıvana dəhlizin olmasını bildirirdi. Ermənistan isə dəhlizi Azərbaycanın şərtləri ilə vermək istəmirdi. İndi isə yeni bir gəlişmə baş verib. Bu da danışıqlar prosesində bu məqamın sülh müqaviləsindən çıxarılması ilə bağlıdır".
 


Azər Hüseynov bildirib ki, bir qədər öncə Azərbaycanda Rusiya nümayəndələri ilə Şimal-Cənub marşrutunun perspektivləri ilə bağlı müzakirələr olub:

"Bu gedişat Azərbaycana tranzit infrastrukturunu diversifikasiya etməyə imkan verməkdədir. Bundan öncə Azərbaycan və İran arasında nəqliyyat və tranzit imkanlarından birgə istifadə ilə bağlı razılaşma baş vermişdi. Ola bilsin ki, Azərbaycan diplomatiyası mövcud geosiyasi durumda, yəni İranla İsrail arasında ehtimal edilən müharibə baş verərsə, regionda digər qüvvələrin, xüsusi ilə Nikol Paşinyana dəstək verən Qərbin anti-Azərbaycan fəallaşması baş verərsə, digər amilləri də nəzərə alaraq dəhlizin sülh müqaviləsi məsələsində öz əksini tapmamasına razılıq veribdir. Bu isə o anlama gəlir ki, dəhliz olmayacaq. Dəhlizlə bağlı daha sonralar detallı ikitərəfli hansı isə bir müqavilə imzalana bilər. Regional və qlobal vəziyyətin dəyişməsi bu addımı labüd etmiş ola bilər. Çünki hazırda Yaxın Şərqdəki proseslər və burada demək olar bütün qlobal oyunçuların bu və ya digər şəkildə iştirakı ehtimal edilən savaş senariləri zamanı Azərbaycanı vadar edir ki, sülh müqaviləsi tezləşsin". 

Siyasi təhlilçi bildirib ki, İrandan potensial qaçqın kütləsinin xeyli hissəsinin yönələcəyi yer məhz Azərbaycan ola bilər:

"Bu da bizə tamamilə başqa məşğuliyyət və qayğılar gətirə bilər. Ermənistan isə nə qədər bundan sonra silahlansa belə Azərbaycanla güc balansını bərabərləşdirməsi mümkün deyil. Revanşist bəzi fikirlərin səslənməsinə baxmayaraq Ermənistanda ümumən anlayırlar ki, Azərbaycanla döyüşmək olmaz. Bir də Azərbaycan diplomatiyası böyük ehtimal ki, bu addımı atmaqla bölgənin digər oyunçularından hansı isə daha önəmli, daha strateji güzəştlər almış ola bilər. Azərbaycan dəhlizlə bağlı müqavilənin bağlanacağını gündəlikdən çıxartmır, onu başqa formata keçirir. Bununla belə, Azərbaycanın və Türkiyənin bundan sonra da regional fəaliyyətini birlikdə koordinasiya etməsinə həmişə ehtiyac var. Tarixi düşmənçiliklər heç zaman tam bitməz, latent hala keçər. Ermənistan da Türkiyə və Azərbaycan üçün həmişə təhdiddir. Bu təhdid tam olaraq o zaman aktuallığını itirər ki, tamamilə silahsızlaşdırılsın və İsveçrə formatında bir dövlət olsun. Amma ermənilər bunu düşünmür. Daha sonra Azərbaycanın onu əhatə edən böyük güclərlə balanslı siyasətini davam etdirməsi lazımdır. Doğrudur, biz artıq Cənubi Qafqazın ən güclü dövlətiyik. Bununla belə bizim demoqrafik resurslarımız, ərazi imkanlarımız və digər resurs imkanlarımız bizi əhatə edən nəhənglər qədər deyil. Biz ona görə də varığımızı qorumaq üçün diplomatik manevrlərdən davamlı istifadə etməliyik. Tariximizdə bu şəkildə 801 il mövcud olmuş Şirvanşahlar dövləti olubdur. Amillərin şəkli dəyişsə də mahiyyəti dəyişmir".

Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub. 

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan isə bildirib ki, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini vurğulayıb.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->