Çin keçmiş SSRİ respublikalarını hərbi və iqtisadi "çətiri” altına alaraq Mərkəzi Asiyada "təsir zonasını” genişləndirməkdə davam edir. Cümə günü Çin sədri Si Szinpin Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb və onları müdafiə sektoru da daxil olmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times”
yazır.
C5 adlanan qrupun ilk canlı sammiti keçmişdə məşhur "İpək Yolu”nun yarandığı qədim Çin paytaxtı Sian şəhərində baş tutub.
Danışıqların sonunda Si Szinpin "bölgədə sülhü təmin etmək” üçün Mərkəzi Asiya respublikalarının "müdafiəsini gücləndirməyə” və onların təhlükəsizlik imkanlarını artırmağa hazır olduğunu bəyan edib”, - dövlət xəbər agentliyi Sinxua bildirib.
O, həmçinin 26 milyard yuan (3,6 milyard dollar) maliyyə dəstəyi və "təmənnasız yardım" ayırmağı planlaşdırdığını açıqlayıb, vəsaitin hansı məqsədlə istifadə olunacağı deyilməyib.
Yaxın gələcəkdə Çinin postsovet ölkələri ilə, o cümlədən ÇXR-nın daxili qoşunlarının iştirakı ilə birgə hərbi təlimləri bərpa edəcəyi ehtimalı var, - "Carnegie Russia Eurasia Center”-in tədqiqatçısı Temur Umarov "Financial Times"a bildirib.
Umarovun fikrincə, Pekini xüsusilə maraqlandıran təkcə Çinlə deyil, həm də Əfqanıstanla həmsərhəd olan Tacikistan ola bilər. "Tacikistan ordusu heç də Orta Asiyada ən güclü ordu hesab edilmir. Buna görə də Çinin nöqteyi-nəzərindən bu, yalnız (özünün) milli təhlükəsizliyini təmin etmək üçün tədbirlərin davamıdır”, - ekspert qeyd edir.
Əvvəllər Kremlin orbitində olan postsovet Asiya ölkələri Ukrayna müharibəsi və Qərbin sanksiyaları səbəbindən Rusiyadan uzaqlaşmağa çalışırlar. Keçmiş Sovet İttifaqı bölgəsində Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri olan Qazaxıstan Ukrayna işğalını dəstəkləməkdən imtina edib və ötən il NATO üzvü olan Türkiyə ilə kəşfiyyat məlumatlarının mübadiləsi sazişi imzalayıb.
Tayvan Milli müdafiə və təhlükəsizlik institutunun tədqiqatçısı Çinyu Şih bildirib ki, Moskvanın regionda təsiri azalır, lakin Çinin yaxın gələcəkdə onu tamamilə əvəzləyəcəyini söyləmək hələ tezdir. "Bu, sakit rəqabətdir", - ekspert izah edir.
Çinin rəsmi statistikasına görə, ötən il Çinin C5 ölkələri ilə ticarəti 70,2 milyard dollar təşkil edib və Avropaya yük daşımalarının 80%-i bu dövlətlər vasitəsilə tranzitlə təmin edilib.
Nizami Bağırov
Şərhlər