Xəbər lenti

Cey Di Vensin sülh planının həyata keçməsi çətin məsələdir (ŞƏRH)
Dünya 18:52 13.09.2024

Cey Di Vensin sülh planının həyata keçməsi çətin məsələdir (ŞƏRH)

"Trampın vitse-prezidentliyə namizədi tərəfindən açıqlanan sülh planının həyata keçməsi çətin məsələdir".

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vensin Trampın Ukrayna ilə bağlı sülh planında hansı məqamların nəzərdə tutulduğuna aydınlıq gətirməsinə  münasibət bildirərkən deyib. 

"Deməzdim ki, ABŞ seçiciləri ilk növbədə ancaq Ukraynadakı vəziyyəti düşünür. Ukrayna məsələsi ABŞ seçiciləri üçün vacib məsələlər sırasında birinci yerdə deyil. Onlar üçün daha vacib olan daxili məsələlər, inflyasiya, iqtisadi tənəzzül və sosial rifah kimi məsələlərdir. ABŞ seçiciləri ilk növbədə buna görə səs verir. Bu mənada Ukrayna məsələsinin seçicilərə hansısa bir formada təsir edəcəyini düşünmürəm", deyə Mehman Əliyev bildirib.
 


Trampın Ukrayna ilə bağlı sülh planının açıqlanan detallarına gəldikdə ekspertə görə, onun işıq üzü görməsi çətin məsələdir:

"Trampın vitse-prezidentliyə namizədi Vensin açıqladığı formada sülh planı ola bilər. Ancaq bu planın həyata keçməsi üçün o Konqres, Senat tərəfindən dəstəklənməlidir. ABŞ-da bütün mühüm vacib institutları da həmin plana razılıq verməlidir. Yəni ABŞ-da Prezident təkbaşına heç nə həll etmir. Digər tərəfdən, ABŞ-ın NATO üzrə müttəfiqləri də sözlərini deməkdə müstəqildir. Amma bütövlükdə vəziyyətə baxanda görürük ki, tərəflər müharibənin dondurulmasında maraqlıdır. Lakin danışıqlar prosesinə gəldikdə, Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyir. Rusiya isə hələlik buna hazır deyil. Yəni problemin dondurulmasında hamı maraqlıdır, lakin ərazi bütövlüyü məsələsində diametral mövqelər var. Ona görə də hələlik heç kəs sülhün bağlanmasına hazır deyil”. 

Qeyd edək ki, ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vens bildirib ki, prezidentliyə namizəd Donald Trampın Ukrayna ilə bağlı sülh planı cəbhə xəttinin dondurulmasını, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini və Rusiyanın lazımi təminatları almasını nəzərdə tutur.

Vens bu barədə "Shawn Ryan Show"a verdiyi müsahibəsində danışıb. O bildirib ki, Trampın planına əsasən, "Rusiya və Ukrayna arasında mövcud demarkasiya xətti demilitarizasiya zonasına” çevrilə bilər. 

Vitse-prezidentliyə namizəd əlavə edib ki, bu zona rusiyalıların yenidən işğalının qarşısını almaq üçün güclü şəkildə möhkəmləndiriləcək. 

"Ukrayna müstəqil suverenliyini saxlayır, Rusiya Ukraynadan neytrallıq zəmanəti alır", deyən Vens Almaniya və digər ölkələrin gələcəkdə Ukrayna ərazisinin bərpasını maliyyələşdirə biləcəyini qeyd edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->