Xəbər lenti

Bu universitet müstəqil olaraq tələbə seçimi edəcək (VİDEO)
Ölkə 10:52 02.10.2024

Bu universitet müstəqil olaraq tələbə seçimi edəcək (VİDEO)

Azərbaycanda bir universitet müstəqil olaraq tələbə seçimi edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

Bəs, Türkiyə-Azərbaycan Universitetinə verilən "müstəqil tələbə seçimi" hüququ nədir? Ümumiyyətlə, proses necə təşkil ediləcək?

Məsələni "Xəzər Xəbər”ə şərh edən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, tələbə seçimini müstəqil aparma" ifadəsi müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin universitetlərində bu təcrübə çoxdan var. Prosesi universitet imtahan müsabiqəsi ilə yox, özü həyata keçirir. Bəs Dövlət İmtahan Mərkəzinin müsabiqəsindən əldə olunan nəticə sözügedən universitetə qəbul üçün lazım olacaqmı?

Məsələ ilə bağlı DİM-dən bildirilib ki, abituriyent bu qurumun keçirdiyi müsabiqədə iştirak etməli və daha sonra universitetin təyin etdiyi şərtləri ödəməlidir. Sonra isə o nəticə əsasında müstəqil seçim aparılacaq.

Bir sözlə, müstəqil seçim hüququ dedikdə, bu, universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına və meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->