"BRICS-ə üzv olmağın heç bir üstünlüyü yoxdur və ona yeni üzvlərin qəbulu həmin klubun mövqeyinin möhkəmlənməsi anlamına gəlmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə gələn ilin əvvəlindən BRICS-ə daha 5 ölkənin qəbul olunacağını şərh edərkən deyib:
"BRICS kimi beynəlxalq təşkilatın rəhbər qurumu yoxdur. Bu qurum sadəcə olaraq bir klubdur. Həmin klubun üzvləri ildə bir dəfə toplaşıb, fikir mübadiləsi aparmaqla işlərini bitmiş hesab edirlər. Onun nə hərbi, nə siyasi, nə inzibati, nə də hüquqi baxımdan heç bir öhdəliyi də yoxdur", deyə ekspert qeyd edib.
Zərdüşt Əlizadə bildirib ki, BRICS heç bir əməli fəaliyyət mexanizmləri olmayan, yalnız üzvlərin fikir mübadiləsi apardığı beynəlxalq klubdur:
”İran ora üzv olmaqla Çin və ya Rusiyanın onu müdafiə etməsi barədə öhdəlik əldə etməyəcək. Tehran bununla digər üzvlərlə birlikdə fikir mübadiləsi aparmaq hüququ qazanır. Sanki hansısa bir say-seçmə kluba üzv olduğunu göstərməklə bir qədər öyünə bilər. Vəssalam”.
Qeyd edək ki, BRICS-in Cənubi Afrikada keçirilən toplantısında gələn ilin yanvarın 1-dən Argentina, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı, BƏƏ və İranın da quruma üzv qəbul ediləcəyi bəll olub. Hazırda qurum 5 üzv ölkədən-Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarətdir. Yeni üzvlərin qəbulu nəticəsində isə təşkilat üzvlərinin sayı 11-ə çatacaq.
Rüfət Sultan
Şərhlər