Xəbər lenti

Blinkenin açıqladığı ssenarinin arxasında nə dayanır? (ŞƏRH)
Dünya 13:33 18.01.2024

Blinkenin açıqladığı ssenarinin arxasında nə dayanır? (ŞƏRH)

"Blinkenin açıqladığı təhlükəli ssenari əslində tərəfdaşlarını, müəyyən tərəddüddə olan Qərb ölkələri və ictimaiyyətini Rusiyaya qarşı mübarizədə daha sıx birləşməyə hesablanmış addımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin ölkəsinin Rusiya ilə birbaşa münaqişəyə sürüklənə biləcəyilə bağlı proqnozunu şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edib ki, Davos ərəfəsində Amerikanın Ukraynaya dəstək üçün keçirdiyi toplantı ABŞ-ın müttəfiqləri arasında Ukrayna məsələsində fikir ayrılığının mövcud olduğunu göstərdi:



"Bir çox Qərb dairələri Rusiya ilə sülhə getməyin vacib olduğundan danışmağa başlayıblar. Digərləri də düşünür ki, Rusiyaya qarşı müqavimət davam etdirilməlidir. Müharibənin uzanmasının bəzi ölkələrə iqtisadi təsirləri də var. Məsələ beləcə uzanmaqla daha ciddi problemə çevrilir. Hətta ABŞ-ın özündə də. Prosesin davam etdirilməsi, müharibənin davamına dəstək vermək üçün ciddi maliyyəyə ehtiyac var. Həmçinin Qərb cəmiyyətində ictimai dəstəyə malik olmaq da önəmlidir. Bu mənada Blinkenin açıqlaması əslində ictimai fikrə, siyasi dairələrə dəstəyin davam etdirilməsi baxımından təsir vasitəsidir. Dəstək də əsasən maliyyə baxımından olmalıdır ki, son zamanlar ABŞ və Avropa İttifaqında da bu məsələdə müəyyən problemlər yaşanır".

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinin Ukrayna sərhədlərindən xeyli kənara çıxan aqressiv planlarının olduğunu bəyan edib: "Kreml rəhbərinin qalib gəlməsinə icazə verilsə, Ukraynada dayanmayacaq. Putinin məsuliyyətdən yayınmasına imkan versək, sayıqlığımızı və Ukrayna üçün etdiklərimizi itirsək, bu, "Pandoranın qutusu"nu açacaq. Dünyanın digər yerlərindəki potensial təcavüzkarlar bundan nümunə götürəcəklər. Bu, ABŞ-ı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->