Biləcəri dairəsində yaranan tıxacların səbəbi bilindi - Tədbir görüləcəkmi?
Biləcəri ərazisində ağır tıxacların yaranmasının səbəbi dairənin həddindən artıq genişləndirilməsidir. Ərazidən istifadə edən sürücülər bu iddiadadır.
Sürücülərin sözlərinə görə, illər əvvəl dairə genişləndirildi. Bu səbəblə Bakı avtovağzalından gələn nəqliyyat vasitələri, xüsusilə də avtobuslar geri hərəkət üçün Biləcəri dairəsinin genişləndirilən hissəsindən dönməli olurlar. Nəticə etibarilə sıxlıq zamanı dönmək üçün dairədə saatlarla gözləmək məcburiyyətindədirlər. İllər əvvəl proses həyata keçirilən zaman aidiyyəti qurumlar tərəfindən bildirilmişdi ki, Biləcəri dairəsində hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək. Amma hazırkı vəziyyət onu göstərir ki, tıxacın qarşısını nə işıqforlar, nə avtomobillərin bir-birinə yol verməsi, nə də avtobus zolaqları həll edə bilir.
Xüsusilə gündəlik sərnişin daşıyan avtobus sürücüləri dönmək üçün dairədə xeyli vaxt itirirlər.
Məsələ ilə bağlı əvvəlcə Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər”ə bildirilib ki, yolun genişdləndirilməsi prosesini onlar həyata keçirib, lakin sifarişçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA).
AYNA-dan isə bildirilib ki, dairədən avtovağzal istiqamətində avtobusların rahat hərəkəti üçün yeni zolaq çəkilib: "Təhlillər göstərir ki, zolaqların istifadəyə verilməsindən sonra avtobuslarla sərnişindaşımada 5-10 faiz artım var. Zolaqlar sayəsində avtobuslar son təyinat nöqtəsinə 10-15 dəqiqə daha tez çatır”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər