"Azərlotereya” ASC korparativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı yönündə növbəti mühüm layihəyə imza atıb.
"Azərlotereya” Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzaladığı əməkdaşlıq memorandumuna əsasən, universitet kitabxanasının daha da zənginləşdirilməsi işinə dəstək göstərib. Fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə verib.
Bu kitabların tələbələrin daha çox bilik və bacarıq əldə etmələrinə imkan yaradacağını bildirən "Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş UNEC ilə əməkdaşlığın önəmindən bəhs edib.
UNEC-in rektoru professor Ədalət Muradov universitetin kitabxanasına edilən dəstəyə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, UNEC-in müəllim və tələbə heyətinin yararlana biləcəyi bu elmi əsərlər təhsilin inkişafında, eləcə də tədqiqatların aparılması işində böyük rol oynayacaq.
Qeyd edək ki, memoranduma əsasən, həmçinin tərəflər arasında birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, "Azərlotereya”nın əməkdaşları üçün peşə hazırlığı, müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Şərhlər