Xəbər lenti

Azərbaycanın dərman problemi - Niyə baha və keyfiyyətsizdir? (ŞƏRH)
Ölkə 18:12 14.03.2024

Azərbaycanın dərman problemi - Niyə baha və keyfiyyətsizdir? (ŞƏRH)

"Azərbaycana gətirilən dərmanlara ciddi nəzarət olmalıdır. Çox istifadə olunan dərmanların isə bir qisminin ölkədə istehsalına nail olmaq lazımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısının alınması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. 

Professor hesab edir ki, mürəkkəb strukturlu dərman maddələrinin ölkəyə idxalının güvənli şirkətlər tərəfindən həyata keçirilməsi əsas çıxış yollarından biridir:

"Dərman maddələrinin dövlət reyestri olmalıdır. Xüsusi laboratoriyalar qurmaq lazımdır. Həmin qurumlar ölkədə istehsal olunan dərman maddələri haqqında əhaliyə məlumat verməlidir. Ölkəyə idxal olunan hər bir dərman maddəsinə baxış keçirilməlidir". 
 


Adil Qeybulla vurğulayıb ki, dərman maddələrinin idxal olunduğu şirkətlər Azərbaycan dövləti qarşısında məsuliyyət daşımalıdırlar:

"Dərmanların keyfiyyət parametrlərini yoxlamaq üçün xüsusi mərkəzlər var və həmin qurum Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bunun məsuliyyəti həm də onların üzərindədir. Düşünürəm ki, keyfiyyətsiz dərmanların gətirilməsi prosesi hər halda əhalinin müəyyən narazılığına səbəb olub və bu istiqamətdə iradlar var. Odur ki, məsələ diqqətdə saxlanılmalıdır".

Qeyd edək ki, deputat Əhliman Əmiraslanov əhali tərəfindən dərman vasitələrinin qeydiyyatı ilə bağlı ciddi narazılıqların olduğunu bildirib. Deputat "dövriyyədə olan dərman vasitələrinin keyfiyyəti ilə bağlı da ciddi narazlıqlar var idi. Belə ki, artıq istehsal olunan dərmanların keyfiyyətinə ciddi nəzarət var. Keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısı alınacaq”, deyə deputat qeyd edib. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->