"Kartla ödənişi olan avtobuslarda sürücülərin sərnişinlərdən nağd gediş haqqı alması aidiyyatı qurumların məsuliyyətsizliyi, nəzarət mexanizmini qura bilməmisindən xəbər verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı gediş haqqı kartla olan avtobuslarda sürücülərin sərnişinlərdən nağd pul alması kimi hallara aydınlıq gətirərkən deyib. Elməddin Muradlı sürücülərin cəmiyyətin bir üzvü olduğunu, baş verən halları onların yaşlı adamlara diqqətinin göstəricisi kimi adlandırıb:
"Sürücü yaşlı-başlı sərnişini necə düşürtsün avtobusdan? Bakı Nəqliyyat Agentliyi kartın balansını artırmaq üçün dayanacaqlarda məntəqələr qurmuşdu. Onların hamısını ləğv elədi, sonra da aparatları yoxa çıxartdı. İndi də deyirlər ki, ödəmə terminallarında sistem qoymuşuq get kart balansını orada artır. Çox adam həmin terminallarla işləməyi bacarmır, xüsusən də yaşlı nəslin insanları. Bu cür problemlər mövcuddur Ona görə düşünürəm ki, sürücüləri qınamaq düzgün deyil. Sürücü baxır ki, səhər tezdəndi, sərnişin işə tələsir, onu necə avtobusdan düşürtsün? Həmin vaxt yaxınlıqda kart balansını artırmaq üçün ödəmə terminalları da yoxdur, sürücü də bunu görür”.
Elməddin Muradlı bu məsələdə Bakı Nəqliyyat Agentliyini ittiham edib:
"BNA milyonlarla vəsait xərcləyib aparatlar aldı. Sonra da "bunlar lazım deyil” deyə onları zibilliyə tulladı. Kart balansını elə Million aparatlarında da artırmaq mümkündür. Adama sual verərlər ki, əgər ödənişi Million aparatlarında mümkün idisə, o zaman zibilliyə atdığınız aparatları niyə alırdınız? Niyə həmin vaxt inteqrasiya etmirdiniz? İndi həmin aparatları tullamısınız zibilliyə, sərnişinlər də çarəsiz qalıb. Million aparatları hər yerdə yoxdur. Bu problemləri BNA yaradıb. Düzdür, onlardan bizə yaxşı şeylər də qalıb. Amma pis nümunələr daha çoxdur. Məsələn, avtobusa minəndə kartında balans olmayan sərnişinlərin yerinə özümüzü qoyaq, desələr ki, "düş, gedə bilməzsən” necə olarıq? Sürücüyə dişmən kimi baxarıq. Gərək insanlar da məsuliyyətli olsunlar”.
Bahar Rüstəmli
Şərhlər