Xəbər lenti

AŞPA ilə nə edək?..
Hüseynbala Səlimov
Siyasət 10:58 29.01.2024

AŞPA ilə nə edək?..

Əslində bu ötən 23 ilin bircə ili belə Avropa Şurası ilə problemsiz ötüşmədi - demək olar ki, hər il nəsə oldu, gah biz onlardan narazı qaldıq, onlara qarşı opponentlik etdik, gah da onlar bizə. 

Amma indi münasibətlərdə heç vaxt olmadığı kimi pik gərginlik yaranıb, hamı tamamilə ciddi bir şəkildə ya Azərbaycanın Avropa Şurasından çıxarılacağını, ya da ki, Bakının özünün bu qurumu tərk edəcəyini deyir. 

Nə olub? Axı nə baş verir? Bir daha deyirik ki, 23 il ərzində münaisbətlər demək olar ki, daim gərgin olub. Əlbəttə, biz də tamam günahsız olmamışıq, bu 23 ildə heç də nümunəvi üzv kimi özümüzü aparmamışıq. Amma indi münasibətlər tamam başqa səbəblərdən korlanıb – təşkilat ədaləti, obyektivliyi tamam bir tərəfə qoyub, açıq-aşkar ermənipərəst siyasət yürüdür. Sual olunur niyə belə oldu? 

Deyirlər ki, Avropa Şurasının deputatları tamamilə korrupsiyaya qurşanıb və erməni lobbisinin dediyi ilə oturub-dururlar. Amma burada qarşılıqlı sual da yaranır: bizim pulumuz və yaxud imkanlarımız erməni lobbisinkindən azdırmı? Onlar bizim xidmətlərimizdən niyə yararlanmırlar? Pul puldursa, erməni lobbisi kimi bizim də pulumuz var, hətta onlarkından da çoxdur! Başqa bir səbəb kimi göstərilir ki, bəs Avropa Şurasında islamofobiya baş alıb gedir. Bunu da tamam danmaq olmur. AŞPA bir tərəfə, hətta geoiqtisadi maraqları olan Avropa İttifaqı belə bir neçə il bundan əvvəl öz yubileyini Vatikanda qeyd etdi. Üstəgəl, Brüssel neçə ildir ki, qardaş Türkiyəni təşkilatın kandarında saxlayır, onu üzv kimi qəbul etmir ki, etmir! Amma neçə illərdi ki, Avropa Şurası xristian Rusiyasına da eyni münasibət bəsləyir və bunun əsas səbəbləri Moskvanın bir sıra post-sovet ölkələrinə qarşı açdığı müharibələr hesab olunursa, istisna olunmur ki, Rusiya ilə Qərb arasındakı qarşıdurma bu təşkilata da sirayət edib və güman ki, bizi həm də Rusiya ilə isti münasibətlərimiz olduğuna görə sıxışdırırlar. Daha bir səbəb o, ola bilər ki, bu təşkilata üzv olarkən Strasburq keçmiş Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edəcəyimiz haqda öhdəlik sırımışdı bizə və gözlənilirdi ki, İkinci Qarabağ savaşından, xüsusən də son anti-terror əməliyyatlarından sonra, necə deyərlər, Avropa Şurasının da maskası yırtılacaq və o, tamam ermənipərəst siyasət sərgiləyəcək. İndi bütün bu səbəblərin hansının daha əsas olduğunu demək çətindir, üstəgəl, Fransa da bizə qarşı çox böyük iş, qara təbliğat aparır... 

Amma günün sualı bir az başqadır: necə edək, nə edək ki, Avropa Şurası ilə münasibətlərimizi qaydaya salaq? Axı qapıları çırpmaq asandır – biz özümüzə qarşı bu boyda düşmən təşkilat yarada bilmərik, ən azı ona görə ki, biz bu təşkilatı tərk edəndən sonra ermənilərin əl-qolu tamamilə açılacaq, AŞPA Azərbaycana qarşı kampaniyasını davam etdirəcək.

Əlbəttə, Azərbaycana ölkədən daha çox özəl şirkət kimi yanaşan bəzi məmurlar və deputatlar üçün hər şey asandır – onlar elə bu gün Avropa ilə bütün əlaqələri kəsməyə, Şanxay Əməkdaşlıq Təşkilatına, Rusiyanın digər geosiyasi layihələrinə qoşulmağa çağırırlar, halbuki mal-mülkləri əsasən Avropadadır, doğmaları əsasən Qərbdə yaşayır. Nə demək olar? Onlar haqlıdırlarmı? 

Bir məsələdə tam haqlıdırlar ki, AŞPA açıq-aşkar erməni siyasəti yürüdür və bunu daha heç nə ilə ört-basdır etmək mümkün deyil. Həm də özümüz də daim qeyd edirik ki, dünya reallıqları elədir ki, artıq ən azı iqtisadi-texnolloji inkişaf təkcə Qərbdə cəmləşməyib, Şərq də böyük sıçrayışlar edib. Amma dünyada mədəniyyətlərin də çarpışması gedir və biz planetin mədəniyyət seqmentlərindən birində özümüzə yer tutmalıyıq. Bizə yaxın mədəni seqmentsə Qərbdir. Ona görə də Avropanın üstündən xətt çəkməyə tələsməyək. Gəlin son imkanları da araşdıraq. Bəlkə Avropa Şurası ilə münasibətləri yoluna qoya bildik?..
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->