Xəbər lenti

Alternativ İran - kölgələr günorta çəkilir...
Hüseynbala Səlimov
Dünya 10:12 20.06.2022

Alternativ İran - kölgələr günorta çəkilir...

Hüseynbala Səlimov

Bir neçə il bundan əvvəlin söhbətidir. Partiyaların birində din və demokratiya mövzusunda seminar keçirilirdi. 

Xatirimdədir ki, dini partiyalardan birinin təmsilçisi dedi ki, onlar heç bir dünyəvi və beynəlxalq qanun tanımırlar, hər şey şəriət qanunları ilə idarə olunmalıdır...
Bəli, məşhur İran inqilabı zamanı da elə belə olmuşdu. Millətçilik, dövlət millətçiliyi əvəzinə ümmətçilik, demokratiya və azad bazar iqtisadiyyatının qarşılığında islam hüququ və islam iqtisadiyyatı, başqa dövlətlərlə dinc-yanaşı yaşamaq əvəzinə "islam həmrəyliyi”... 

Qərəz, İranda bunu dedilər və etdilər. Amma cənnət alınmadı. Bəli, demək olar ki, buna imkan verilmədi. ABŞ və digər Qərb dövlətləri islam idarəçilik modelinin, islam republikası modelinin alınmaması üçün əllərindən gələni etməyə cəhd göstərdilər. 

Amma düşünmürük ki, məsələ təkcə islam idarəçilik modelindədir. Yox, səhv etmiriksə, Pakistan da islam respublikasıdır və sonuncunun Qərb dövlətlərilə problemləri demək olar ki, yoxdur. 

Bəli, məsələ bundadır ki, İran kiçik dövlət olsa da, onun qlobal çağırışları var. Bu ölkənin xarici siyasəti hədsiz dərəcədə ideologiyalaşdırılıb. Əlbəttə ki, İran bizim üçün çox vacib ölkədir – qonşudur və demək, həm də bizim üçün bir növ taledir. Nə gizlədək, məsələn, Zəngəzur dəhlizi ideyası bizi elə də cəlb etmir. Əlbəttə, o Naxçıvanı Azərbaycanın başqa ərazilərilə birləşdirmək gücündədir. Üstəlik, biz Laçından Dağlıq Qarabağa dəhliz vermək məcburiyyətində qalsaq, buna simmetrik güzəşt kimi Zəngəzurdan da dəhliz tələb edə bilərik. Amma bu dəhliz Naxçıvanla bizi birləşdirən heç də ən etibarlı yol deyil, ona görə ki, ermənilər bizim yüklərimizə nəzarət inkanı qazanacaqlar. Ona görə də bu günlərdə eşidəndə ki, Naxçıvana yol İran ərazisindən də çəkilə bilər, bunu bir az təskinliklə qarşıladıq.
Sözsüz ki, bizim İranla da problemlərimiz var. Məsələn, qeyd etmək yetər ki, Azərbaycanın hər yerində İran siyasətçilərinin gözünə İsrail görünür. Nədir? Problem nədədir? Məsələ də ondadır ki, İrana qarşı heç bir problem yoxdur, bütün bunlar siyasi qarabasmalardır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl küçələrə çıxmış iranlılar özləri də belə deyir və etiraz edirdilər ki, onları Fələstinin problemləri yox, İranın və iranlıların problemləri maraqlandırır...

İndi Ukrayna müharibəsinin fonunda sanki Tehran yaddan çıxıb, bir növ arxa plana keçib. Amma belə deyil - sanksiyalar öz işindədir və onların sosial nəticələri hazırda da etirazçı kütləni küçələrə axışmağa vadar edir. 

Elə bu səbəbdən də bu gün üçün bir nəticə var: İran islam modeli alınmadı. Ona görə də İran siyasi elitası ABŞ–ın süqutunu, parçalanmasını gözləməkdənsə, heç olmasa, xarici siyasətinə korrektələr etsə, daha yaxşı olar. Amma onlar bunu etmirlər. Əksinə, əvvəlki illərdən fərqli olaraq daha mühafizəkar-islahatçı söhbəti də yoxdur, çünki hamıya aydın oldu ki, ruhani elitası ölkənin siyasi olimpinə əsl islahatçının yol açmasına imkan verməz. Amma məsəl var, deyirlər ki, kölgələr günorta yox olur. Günortaya isə elə də çox qalmayıb...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->