Ukrayna Rusiya Federasiyasının Avropa İttifaqında dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ilk vəsaiti bu ilin iyulunda alacaq.
Qaynarinfo xəbər verir ki, Avropa Komissiyası bu barədə mayın 21-də Avropa Şurasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın xeyrinə istifadəsini təsdiqləyən qərarını alqışlayaraq elan edib.
"Sürət əsas amil olaraq qalır. Komissiya isə ilk ödənişin iyulda həyata keçirilməsini təmin etmək üçün bütün səylərini davam etdirəcək", - Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.
AK qeyd edib ki, qərar Avropa İttifaqının Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
"2024-cü ilin iyul ayından başlayaraq, ildə iki dəfə ödəniş etməklə Ukraynanı dəstəkləmək üçün resurslar hazır olacaq”, - departament izah edib.
Avropa Komissiyasının izah etdiyi kimi, 2024-cü ildə Aİ fövqəladə reabilitasiya, bərpa və yenidənqurma işlərini dəstəkləmək məqsədiylə Ukrayna Mexanizmini idarə etmək üçün Rusiya aktivlərindən alınan bütün vəsaitlərdən istifadə edəcək. Bununla belə, Kiyevin ən aktual müdafiə ehtiyacları Avropa Sülh Fondu və Avropa Müdafiə Sənayesi Proqramı vasitəsilə ödənilə bilər.
"Qərarlar bizə zamanla dəyişə biləcək ehtiyacları prioritetləşdirməyə imkan verir ki, bu bölgü hər il nəzərdən keçiriləcək və ilk baxış 2025-ci il yanvarın 1-də olacaq”, - Avropa Komissiyası qeyd edib.
Alpər
Şərhlər