Bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayevin gündəmə gəldiyi balta olayı ilə bağlı təfərrüatlar məlum olduqdan sonra mövzu ətrafında gedən müzakirələr daha da alovlandı.
Məsələnin təffərrüatları, sənətçinin səhhəti ilə bağlı Yenisabah.az-a onun vəkili Asim Abbasov danışıb.
A.Abbasov hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib:
"Ağadadaş Ağayevin səhhəti yaxşı deyildi, bir neçə gün idi ki, sənətçi həkim nəzarəti altında idi. Ola bilər yaxın günlərdə özü bu barədə mətbuata açıqlama versin.
Əgər səhhəti əl versə, qısa zaman ərzində Ağdadaş müəllim həm mətbuata, həm cəmiyyətə açıqlama verəcək. Hələ ki, istintaq davam etdiyi üçün məsələ barəsində açıqlama verə bilmirik. Biz eyni zamanda, buna görə məsuliyyət daşıyırıq.
Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Hələ ki, bir-iki məsələ ilə bağlı açıqlama vermək istəyirik, bu, dəqiqləşdiyi anda medianı da xəbərdar edəcəyik”.
Xatırladaq ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A. Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Hadisə zamanı klinikanın əməkdaşı olan qadın xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər