Xəbər lenti

ABŞ-ın növbəti prezidenti Mişel Obama ola bilər? (ŞƏRH)
Dünya 17:46 28.06.2024

ABŞ-ın növbəti prezidenti Mişel Obama ola bilər? (ŞƏRH)

Demokratlar prezidentliyə namizəd qismində Co Baydeni Mişel Obama ilə əvəzləyə bilərlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da prezidentliyə namizədlər arasında keçirilən debatdan sonra Demokratlar Partiyası daxilində Co Baydenin başqası ilə əvəzlənməsi məsələsinin gündəmə gəlməsini şərh edərkən deyib. 

Politoloqun fikrincə, prezidentliyə namizədlərin son debatı açıq şəkildə göstərdi ki, Co Bayden nəinki prezident, insan olaraq özünü idarə edə bilmir:

"Fikirləri səlis deyil. Eyni zamanda, hərəkətləri də fikirlərə görə adekvat deyil. Ona görə də belə bir şəxsin prezidentlik yarışına qatılması dünyada belə bir fikir oyadacaq ki, ABŞ prezidentlər tərəfindən idarə olunmur. Sadəcə olaraq, onlar kukladır. İdarə edənlər isə başqalarıdır". 
 
Bu səbəbdən ekspert düşünür ki, özünə hörmət edən siyasi güc mərkəzi mütləq mənada belə bir namizədi dəyişməlidir:

"Belə bir dəyişiklik olmayacaqsa, bu, ABŞ-da sözün əsl mənasında demokratiyanın yalnız sözdən ibarət olduğunu ortaya qoyacaq. Çünki prezidentlər cəmiyyəti, dövləti idarə etmələri üçündür. Amma dövlətin başında dayanan özünü idarə edə bilmirsə, dünyada özünü hegemon dövlət hesab edən ABŞ-ı necə idarə edəcək? Bu səbəbdən də Demokratlar Partiyasında Baydenə alternativlər məsələsi ortaya çıxıb". 



Onun kimlə əvəzlənməsinə gəlincə, ekspertə görə burada ən optimal variant Mişel Obama variantıdır:

"Çünki o, daha çevik və daha gənc siyasətçidir. Ən azından ölkədə tanınmış simadır. Onu dəstəkləyən konkret elektorat da var. Hazırkı vitse-prezident isə bu rola layiq deyil. Bu günə qədər vitse-prezident Kamala Harris hər hansı bir parlaq iş, siyasət, əməllə cəmiyyətdə özünü göstərməyib. Ona görə də demokratların namizədliyində dəyişiklik olarsa, Mişel Obamanın önə çıxacağını ehtimal etmək olar". 

Lakin bununla belə, həmsöhbətimiz Mişel Obamanın namizəd olmasının seçkilərdə konkret hansı nəticələr verəcəyini bəri başdan söyləməyin çətin olduğu qənaətindədir:

"Çünki ABŞ-da prezidenti seçicilər birbaşa seçmir. Bu məsələ ilə bağlı konkret qərarı indiki həssas məqamda ABŞ-ı idarə edənlər, qlobal maliyyə şəbəkələri, dərin dövlət verəcək. Çünki Trampın seçilməsi də ABŞ-a xoş günlər vədlər vermir. O, dövlət adamı deyil, onun dövlətçilik anlayışı ümumiyyətlə yoxdur".

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin Trampla uğursuz debatı Demokratlar arasında çaxnaşma yaradıb. ABŞ prezidenti Co Baydenin Donald Trampla debatda zəif və qeyri-ardıcıl performansı Demokratlar arasında çaxnaşma dalğasına səbəb olub və onun namizəd olub-olmaması ilə bağlı bütün müzakirələrini təzələyib. Bu fonda partiya daxilində Baydeni başqası ilə əvəzləmək istəyi güclənir. Baydenin yerinə mümkün namizəd kimi vitse-prezident Kamala Harris, Kaliforniya qubernatoru Qavin Nevsom və Mişel Obamanın adları hallanır. 

Qeyd edək ki, Mişel Obama sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşıdır. Onun əri 2009-2017-ci illərdə hakimiyyətdə olub. Mişel Obamanın 60 yaşı var. Vəkil olan keçmiş birinci xanım indiyədək hər hansı dövlət vəzifəsi tutmayıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->