Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərlinin əmlaklarının müsadirə edilməsi ilə bağlı qərara yenidən baxılacaq.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə məhkəmə baxışı keçiriləcək.
V.Səfərli müsadirə qərarı ilə razılaşmır, külli miqdarda dəyəri olan əmlakların ailə üzvlərinə qaytarılmasını istəyir. 10 ay əvvəl Ali Məhkəmə Səfərlinin bu tələbini əsaslı hesab edib, onun əmlaklarının müsadirə qərarını ləğv edib. Qərara əsasən müsadirə məsələsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarını ləğv edə, dəyişə və ya qüvvədə saxlaya bilər.
Müsadirə edilən əmlaklar isə bunlardır:
- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
- Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;
- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;
- Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı;
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;
Ətraflı
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi;
- "Mercedes Benz ML 350”, "Volkswagen Tuareg” və "Toyota Land Cruiser” markalı avtomobillər;
- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;
- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;
- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;
- "Rabitəbank" ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat;
- Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.
Qeyd edək ki, Vüqar Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. O, 2021-ci ilin yanvarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə mühakimə edilən eks-Fond rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə müsadirə edilən əmlaklar xaric, digər hissələrdə qərarı dəyişməyib.
Şərhlər