Xəbər lenti

Ukraynanın yeni XİN şefi ilk səfərini Türkiyəyyə edir - Səbəb nədir?
Dünya 13:05 21.10.2024

Ukraynanın yeni XİN şefi ilk səfərini Türkiyəyyə edir - Səbəb nədir?

"Sibiqa Türkiyəyə Ankaranın Ukraynaya dəstəyini gücləndirməsinə nail olmaq ümidi ilə gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna XİN rəhbəri Andriy Sibiqanın bu gün Türkiyəyə olan səfərini şərh edərkən deyib.

"Hazırda Ukraynanın vəziyyəti ağırdır. Qərb Ukraynaya ehtiyac olduğu səviyyədən dəfələrlə az yardım edir. Bu məsələ özünü həm maliyyə sahəsində, həm də silah-sursat verilməsində də göstərir. Rusiya isə gündən-günə Kiyevə təzyiqi artırır. Addım-addım irəli gedərək, Ukrayna ərazisini işğal edir. Zelenski Avropa liderlərini özünün sülh planı ilə tanış edib. Hansı ki, həmin sülh planının mühüm hissəsi də Qərbin maliyyə, silah və siyasi yardımından asılıdır. Qərb özü ağır siyasi böhran içindədir və kömək etməyə imkan tapa bilmir”, deyə Zərdüşt Əlizadə bildirib.
 


Həmsöhbətimiz deyir ki, Ukrayna XİN-in yeni rəhbərinin ilk xarici səfərini Türkiyəyə etməsi də Kiyevin ağır seçim qarşısında qalması ilə bağlıdır: 

"Qərbdə və Ukraynanın öz daxilində də Kiyevin hansısa bir siyasi danışıqlara getməsinin vacibliyi barədə fikir formalaşır. Belə şəraitdə Ukraynanın xarici işlər naziri bundan əvvəl də Kiyevlə Moskva arasında vasitəçilik missiyasını yerinə yetirən Türkiyəyə səfər edir ki, hansı dərəcədə, hansı miqdarda onun dəstəyinə ümid bağlamağın mümkün olduğunu müzakirə etsin. Yəni məqsəd Türkiyənin mövqeyini daha da dərinləşdirmək və onu Ukraynaya dəstəyi gücləndirməyə inandırmaqdan ibarətdir. Səfərin məqsədi məhz budur”.   

Qeyd edək ki, Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqanın bu gün Türkiyəyə rəsmi səfəri olacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ukraynalı nazirin Türkiyənin XİN başçısı Hakan Fidan ilə keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->