Çoxdan oxumuşam, dəqiq bilmirəm, hansı filosof (Pitirim Sorokin və yaxud da bir qeyrisi!) deyib, amma belə bir fikir var ki, böhrana da alışmaq lazımdır, çünki böhran heç də həmişə qısa müddətli olmur, o, çox da çəkə bilər.
Bilirəm, səbrsiz oxucu dərhal soruşacaq ki, axı bunun məsələyə nə dəxli? Əslində isə çox dəxli var: dünya ciddi geosiyasi böhran yaşayır və bunun nə vaxt bitəcəyini, ən əsası isə, hansı geosiyasi arxitekturanın, konfiqurasiyanın və yaxud da nizamın bərqarar olacağını heç kim, hətta ən ağıllı politoloqlar bilmir.
Odur, bir daha deyirik ki, nəzərlər ABŞ-dakı prezident seçkilərinə dikilib. Bəli, bu gün seçkilərə düz üç ay qaldı. Ən başlıcası isə, bir-iki günə demokratların yeni namizədi K.Harrisin namizədliyinin təsdiqlənəcəyi gözlənir. Amma artıq indidən demək olar ki, Harris prosesə çox inamla başlayıb. Bu yaxınlarda belə bir məlumat yayıldı ki, o, cəmi bircə həftə ərzində düz 200 milyon dollar seçki ianəsi toplayıb!
İkincisi, Harrisin namizədliyi gündəmə gələndən Donald Trampın seçki kampaniyaları elə bil sönükləşib, hətta "qırx beşinci prezident”in Harrislə debatlardan qaçdığı və ən başlıcası isə Harrisin respublikaçılarla müqayisədə demokratların geriliyinə son qoyduğu, hətta bir sıra sosioloji sorğularda, özü də konkret ştatlarda D.Trampı üstələdiyi bildirilir. Yəni, Harris düşünüldüyündən də güclü namizəd çıxdı və insanlar yenidən ciddi şəkildə demokratların qələbəsini müzakirə etməyə başladılar.
Həm də dəfələrlə demişik ki, Tramp o qədər "inqilabi geosiyasi” dəyişikliklər vəd edir ki, əgər həqiqətən də "dərin dövlət”, "dövlət maşını” deyilən bir şey varsa, yetmiş yeddi yaşlı respublikaçı Donald Tramp heç bir halda prezident seçilməməlidir.
Bəs onda Dünya böhranı necə olsun? Burada bir neçə məqam var. Əgər Yaxın Şərqdən söhbət gedirsə, Harris seçilsə, bu regionda hazırda Bayden komandasının apardığı siyasət davam edəcək, çünki bu siyasəti aparan əsas fiqurlardan biri elə xanım Harrisdir, çünki qoca və hüşsuz Bayden bəlkə də heç əməlli-başlı xatırlamır ki, İsrailin baş naziri kimdi?
Trampa gəldikdə isə, o, hakimiyyətə gəlsə, İsrailə dəstək bir az güclənəcək. Təsadüfi deyil ki, Trampın öz xarici siyasət doktrinası ilə bağlı çıxışları daha çox onun üzərində qurulub ki, Harris İsrailin problemlərinə tamam diqqətsizdir.
Regiondakı son duruma gəldikdə isə, HƏMAS liderinin ölümü gərginliyi bir az artırdı. Biz bu sətriləri yazan zaman "İran bu saat hücüm edəcək” kimi gözləntilər vardı. Hətta Tehranın İsrailə avqustun beşində, yəni bu gün hücum edəcəyi deyilirdi. Xatırladaq ki, oxşar situasiya bir neçə ay bundan əvvəl də olmuşdu. O vaxt İran İsrailə yüzlərlə raket və dron atdı, amma onlar heç bir itki və dağıntı yaratmadı, çünki həmin raketlərdən yalnız bir-ikisi İsrailin dəmir qübbəsini dəf edə bilmişdi. Təl-Əviv hətta İranın hücumunu "atəşfəşanlıq” adlandırmışdı.
Amma İran, necə deyərlər, dərinə getmədi və bununla kifayətləndi. Belə söylənilirdi ki, onda ABŞ-ın və İsrailin İranın zərbələrini dəf etmək üçün vaxtı olmuşdu, onlar buna hazıralaşa bilmişdilər. Düşünürük ki, Vaşinqton və Təl-Əviv indi də vaxt qazana bildilər, çünki Tehran neçə gündür zərbələri yubadır və güman, İsrail və ABŞ-la ciddi qarşıdurmaya getməkdən ehtiyat edir.
Üstəlik, indiki müharibənin spektrində də müəyyən özəlliklər var. Birincisi, o, hələki klassik mənada ərəb-İsrail və yaxud İsrail – Fələstin müharibəsinə çevrilməyib, müharibə hələ ki İsrail-HƏMAS müharibəsidir. Belə ki, üç yüz gündür savaş davam edir, amma, səhv etmiriksə, Fələstin Muxtariyyatı istiqamətində hələ bircə güllə belə atılmayıb. Ərəb dövlətlərindən yalnız İranın təsiri altında olanlar bu və ya digər şəkildə münaqişəyə cəlb olunublar. Kəskin bəyanatlarla çıxış edənlər daha çox İran və bir də qardaş Türkiyədir. Biz, əlbəttə, İranı başa düşürük, amma qardaş Türkiyəyə gəldikdə isə, bir məsəli xatırlatmaq istərdik: Roma papasından artıq xristian olmaq olmaz...
Dünya böhranının digər bir ucuna, Ukraynaya gəldikdə, ABŞ –dakı seçkilər bu müstəvidə daha çox dəyişiklik yarada bilər. Amma biz də, başqaları da bu mövzuda çox yazdığından, danışdığından və göstərdiyindən onun üzərində çox da dayanmayacağıq. Bircə onu deyəcəyik ki, ABŞ demokratları hakimiyyətdə qalarsa, müharibə davam edəcək, amma bu da hamıya bəlli məsələdir və elə bu səbəbdən xüsusi çözümə ehtiyacı yoxdur. Tarix boyu amerikalıların da bir çox müharibələrdən uduzaraq, ən yaxşı halda isə, necə deyərlər, yarım nəticə ilə geri çəkilməsi halları olub. Məsələn, Vyetnam müharibəsi zamanı və qismən də Koreya müharibəsi zamanı belə olmuşdu. Tramp gəlsə, belə olacaq. Amma gələ biləcəkmi?..
Hüseynbala Səlimov
Şərhlər