Azərbaycanın tanınmış mütəxəssislərindən olan Tərlan Əhmədov ölkə futbolunda son baş verənlərlə bağlı fikirlərini bölüşüb.
Məşqçi Qaynarinfo-ya müsahibəsində sabiq komandası "Neftçi” və millimizin durumuna toxunub.
- Əvvəlcə "Neftçi” ilə bağlı son olaylara toxunmağınızı istərdik. Sabiq komandanızın durumunu necə şərh edərdiniz?
- Komanda keçən il çempion oldu, bu mövsüm ikinci yeri tutdu. Ötənilki uğuru saxlamamaq hər halda uğursuzluq sayılır. Keçən il ÇL-in seçmə mərhələlərində, o cümlədən Konfrans Liqasında da uğursuzluq yaşadı. "Neftçi” həddindən artıq ağır komandadır. Orada nələr baş verdiyini heç kim bilə bilmir. O vaxt "Neftçi”də çalışanda adıma o qədər söz-söhbət çıxardılar ki… Hətta bəzən üstümə böhtan da atırdılar. Yəni çempion olsan belə, səni yola sala bilərlər. Məni dəvət etdilər, söz verdilər ki, uğurlu olsam, ən azı 4-5-ci yerləri tutsam, böyük dəstək göstərəcəklər. Komanda mükafatçılar sırasına düşsə, hətta əllərinin üstündə gəzdirəcəklərini bildirmişdilər. Sonda nə oldu? Komanda 3-cü yeri tutdu, söz-söhbətlər ortaya atıldı. O komandada problemlər həddindən artıq böyükdür. Samir Abasovun mətbuatda çıxışları fərqli idi. İkincisi, Samir transfer məsələsində yanlışlığa yol verdi. Fubolçuları özü seçib gətirmişdi. Elə biri "Sumqayıt”dan gələn Xəyal Nəcəfov. Bundan başqa Kanenin, Buqrinin getməsi rol oynadı. Çempionluqdan sonra ab-hava düzəlməli, kollektiv bir olmalı idi. Məşqçi özünü fubolçulara sevdirməlidir. Bilirdik ki, Namik, Kane, Krivotsyuk komandadan qaçıb getmək istəyir, mətbuatda da belə yazılırdı. Ab-hava xoş deyildi. Hərə bir söz danışırdı. Amma gedənlərin yerinə elə həmin səviyyələrdə futbolçu gətirilməli idi. Təəssüf ki, bu baş vermədi və uğursuzluq oldu. Çempionluq yolunda mübarizə apardığın "Qarabağ”a 4 dəfə məğlub olursansa, bu artıq məşqçinin uğursuzluğudur. "Nefçi”də də məşqçi dəyişikliyi hər zaman olub. Bunlarla yanaşı, Samirin komandada qalmasını istərdim. Qalmalı idi, çünki çempionluq yaşamışdı…
- Ona qarşı ədalətsizlik olmadı?
- "Klub rəhbərləri niyə məşqçilərə uzun müddət şans vermirlər, nə üçün 6 aydan bir məşqçi dəyişilirdi” kimi suallar verilmir. Amma heç kim deyə bilməz ki, Samirin əməyi yox idi. Onun böyük əməyi vardı, komanda çempion olmuşdu. Hətta ikinci yer tutsa belə, uğur sayılır. Çempionluğun davamını gətirməsə də, yenə ona şans verilməli idi. Rəhbrəliyin nə planlaşdırdığını bilmək mümkün deyil. Samir komandanı Konfrans Liqasında oynatmalı və rəhbərlikdən dəstək görməli idi. İkiildənbir məşqçi dəyişikliyi uğursuzluğa gətirib çıxarır.
- Belə çıxır ki, ona rəhbərlik tərəfindən dəstək verilmədi. Hətta sonuncu - "Qarabağ”la oyunda da azarkeşlər gəlmədi. Sizcə, Samir niyə dəstəksiz qaldı?
- "Neftçi”nin fanat ordusu böyükdür və komandanın uğuru ilə yaşayırlar. Çempionluq olsa, birinci yerdə getsələr belə, hansısa oyunda məğlubiyyəti qəbul edə bilmirlər. Çünki fanatlarda komandaya sevgi böyükdür. Belə fanat ordusuna qarşı hansısa çıxış onlarda nifrət hissi oyadır. Həmin çıxış artıq Samirə problem yaratmışdı. Rəhbərliyin dəstəyinə gəlincə, komanda ikinci yeri tutubsa və Samir istədiyi futbolçuları alıbsa, deməli, rəhbərliyinin ona dəstəyi var. Nə oyun taktikasına, nə heyət qurmasına qarışırdılar.
- O, istədiyi fubolçuları ala bilmədiyini deyirdi…
- "Ala bilmirəm” və "almırlar” söhbəti başqadır. Sən hansısa futbolçunu gətirmisənsə, deməli, bunu çempionatı yola vermək deyil, nəticə üçün etmisən. "Neftçi” elə bir komandadır ki, orada ancaq çempionluq qəbul olunur. Köklü komandadır, Avroliqanın qrupunda iştirak edib, üç il ardıcıl çempionluq yaşayıb, tarixi var. Kluba hər zaman diqqət, hörmət olub. Düzdür, ikinci yer də mükafatçılar sırası sayılır, amma qəbul olunmur. Yəni, futbolçu tapa bilmirsənsə, bu, öz günahındı. Rəhbərlik istədiyin oyunçuları almırsa, bu başqa. O zaman dəstək olmadığını deyə bilərsən. İnanmıram ki, rəhbərliyin Samirə dəstəyi olmayıb. Baş məşqçi ilə rəhbərlik arasında müəyyən vaxtlarda diskussiyalar, maliyyə baxımından narazılıqlar olur. Bu, hər zaman belədir. Sadəcə, fanatlara qarşı çıxışlar Samirə nifrət yaratmışdı ki, bu da onun işinə təsir etdi.
- Bir mütəxəssis kimi Abasovun potensialını necə görürsünüz? Komanda ona uzun müddətə tapşırlsaydı, çempionluqların davamı gələrdi?
- Bu barədə nəsə demək çətindir. Bəli, komandanı çempion edib, fikrimcə, Samir uğurlu olub. Hər halda bir neçə il də "Neftçi”də qalsaydı, daha yaxşı olardı.
- Hazırda baş məşqçi postuna iki namizəd var - Yuri Vernidub və Viktor Qonçarenko. Onları nə dərəcədə tanıyırsınız? Ümumiyyətlə, "Neftçi” yerli, yoxsa əcnəbi baş məşqçiyə tapşırılmalıdır?
- Kim uğurludursa, o da olmalıdır. Yuri Vernidubla o qədər də tanışlığım yoxdur. Qonçarenkoya gəlincə, "Neftçi”də baş məşqçi olduğum dönəmlərdə onunla telefon danışığım olub. "Neftçi” İsrail klubu HAPOEL-lə oynayandan sonra mənə zəng vurub bu komanda haqda soruşmuşdu. Çünki növbəti mərhələdə HAPOEL-lə Qonçarenkonun komandası oynayacaqdı. Təxminən 20-25 dəqiqəlik danışığımız baş tutdu. İndi onun gəlib "Neftçi”də uğurlu olub-olmayacağını deyə bilmərəm. İstəmərəm ki, məşqçilər arasında ayrıseçkilik edim. Rəhbərlik kimi gətirəcəyinə qərar verəcək. Kimisə kimdənsə üstün tutmağım düzgün deyil. Əcnəbi də olsa kolleqamdır.
- Yığmanın bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Artıq ikinci tsikldir ki, De Byazi ilə uğursuz alınır. Qələbə üzü görmədik. Millətlər Liqasına məğlubiyyətlə başladıq. İstər-istəməz ürək ağrısıdır. Dövlət tərəfindən bu qədər yardımlar ayrılıb, qurulan infrastrukturlar var. Hazırda futbolumuz pik nöqtəsində olamlı idi. Təəssüf ki, bunu müşahidə edə bilmirik. Oyunlara gəlincə, Qazaxıstanın, Belarusun bir sıra oyunçuları oynamırdı. Demək olar, yarıcan idilər. Onlarla başabaş oynaya bilərdik. 6 xal qazana biləcəyimiz oyunlar idi. Artıq ikinci tsikldir ki, beşmüdafiəçili sistemdən əl çəkmirik. Qazaxlarla oyunda Bəhlul Mustafazadə ilə Bədavi Hüseynovu meydana buraxmışdı. Hansı ki, onlar çempionat ərzində çox az şans qazanıb. Bunların ikisinin də meydanda olması, sizə deyim ki, böyük faciə idi. Bunun acısını yaşadıq. İstər-istəməz meydançanın mərkəzində boşluqlar yaranmışdı. Maksim etiraf etmişdi ki, çatdırmır. Həm yaş o yaş deyil, həm də "Qarabağ”ın aparıcı futbolçusudur. Avrokuboklarda, ölkə çempionatlarında daim oynayırdı. Həddindən çox yüklənmişdi. Hələ də mənə çatmır ki, niyə De Byazi uğursuz taktikasından yapışıb? Bəhlul ilə Bədavi şans qazanmayıbsa, deməli, hazır deyillər. Gənc Cəlal Hüseynov meydana çıxdı və sevindirici haldır ki, təcrübəlilərdən seçilmədi. Azər Salahlı hücuma qoşulmaq keyfiyyətinə malik deyil. Yaxud da Maksim. Beşli müdafiədə cinahlar hücuma tez-tez qoşulmalıdır. Toral Bayramov niyə oynamır? Niyə milliləşdirilmiş Almeydadan yapışmalıyıq? Onsuz da məğlub oluruq. 21 yaşlılarımız Estoniyanı 5:0 məğlub etdi. Bu hadisəni bayrama çevirmişdik. Üstündən çox keçmədi ki, Finlandiyaya 0:3 hesabı ilə məğlub oldu. Burda heç kim danışmadı. Millətlər Liqasında əcnəbiləri oynadırıq. Niyə Emil Balayev qapıda daynamamalıdır? Şahruddinə, bütün futbolçulara hörmətim var. Ancaq bu, milli yığma komandadır. Niyə Emili, "Sabah”ın gənc qapıçısını, İsmayıl Zülfüqarlını, Aydın Bayramovu və digərlərini itirməliyik?
- Siz də De Byazi ilə yeni müqavilə bağlamağın səhv addım olduğunu düşünürsünüz?
- Hər halda iki mərhələdə uğursuzluq vardısa, baş məşqçi getməli idi. Millətlər Liqası bitən kimi Avropa çempionatının seçmə mərhələsi başlayır. Bizi orada nələr, hansı rəqiblər gözləyir bu sual doğurur. Əlbəttə, daha çətin olacaq. Halbuki ötən tsikldə daha yaxşı çıxış edə bilərdik. Qrupumuzdakı komandalarla, hətta favorit sayılan Serbiya ilə Bakıdakı oyunda xal qazana bilərdik. Futbolçular bilsinlər ki, uduzanda evdəki əzizləri də məyus olacaq. "Milliləşdirilmiş” futbolçular heç vaxt bu hissi yaşamır. Milli ruh olmalıdır. De Byazi iki tsikldə eyni sistemlə oynayırsa, deməli, uğuru tapa bilmir. Eyni taktikaya üstünlük verirsə və uğursuzluq davam edirsə o, özü getməlidir. Rəhbərlik hər məşqçiyə etimad göstərib. Robert Prosineçki, rəhmətlik Karlos Alberto Torres, Nikola Yurçeviç, Berti Foqts gəlib, hamısı da milyonları qazanıb gedib. Artıq milliləşdirilmiş futbolçulardan da uzaqlaşmalıyıq. Yerli futbolçular inkişaf etdirilməlidir. 14 ildi eyni vəziyyətdəyik. Bu müddət ərzində hər akademiyada 14 futbolçu yetişdirilsəydi, hansısa uğurumuz olardı. Məsələn, AZAL-da çalışanda Məşqçilər Komitəsi bizdən ideya istəmişdi. Eldəniz Yusifovla birlikdə düşündük və onlara 10 punkt təqdim etdik. Onlardan biri və ən əsası o idi ki, yerli 21 yaşlı futbolçularla bağlı limit olsun. Bunlar klubun o vaxtkı vitse-prezidenti, rəhmətlik Elşad Babyevin otağında olan söhbətdir. Məşqçilər Komitəsinin üzvlərinə tövsiyələrimizi bildirmişdik. Belə bir təklif də etmişdik ki, hər klub akademiyasında yetişdirdiyi 21 yaşa qədər futbolçulardan ən azı birini əsas heyətdə oynatsın. Ancaq təkliflərimiz qəbul olunmadı. Nəticədə uşaqlara başqa klublardan nisbətən yaxşı pullar təklif olundu və onların bir çoxu itdi. Təkliflərimizdən biri də bu idi ki, bütün klublarda 21 yaşa qədər olan futbolçuların məvacibləri eyni qalsın. İllik 20-25 min manatdan çox olmasın. Onun da 30 faizi saxlanılsın və futbolçu özünü inkişaf etdirəcəyi təqdirdə yeni müqavilə vasitəsilə verilsin. Heç biri həyata keçirilmədi.
- İcraiyyə Komitəsinin son qərarlarında Premyer Liqada limit 7+4-ə dəyişdirildi. Əvəzetmələrin sayı isə beşə yüksəldildi. Bunun hansısa faydası ola bilər?
- Açığı 7+4 Azərbaycan futbolu üçün uyğun deyil. Bunu biz bir neçə ildən sonra görə bilərik. Bəzi, yaxşı imkanlı klublar üçün normal ola bilər. Amma məsələn, "Turan Tovuz”, "Kəpəz”, "Şamaxı”, "Səbail” kimi büdcəsi az olan klublara maliyyə baxımından pis təsir edəcək. İkinci məqam - yerli futbolçu harda şans qazanacaq? Hər klubda bir neçə "milliləşdirilmiş” futbolçu olsa, yerlilərə baxılmayacaq. Əcnəbiləri oynadacaqlarsa, o zaman akademiyalar nəyə lazımdır. 5 ildən sonra nə olacaq? Əvəzetmələrlə bağlı dəyişikliyə gəlincə, bu da büdcəsi yüksək olan klublar üçün faydalıdır. Onlar 300-400 min manatlıq futbolçu gətirib, dəyişiklik edirlər. Zəif komandalarda nə olacaq. Ona görə də bizim üçün hələ ki, üç əvəzetmə də normal idi. 5 əvəzetmə üçün ən azı 16 komanda daha yaxşıdır. Hansı ki, onlardan 6-7-si çempionluq uğrunda mübarizə aparsın. Klublardakı maddi durum buna əl vermir. Üstəlik "Kəpəz”lə "Turan Tovuz” yeni formalaşır. Ən azı Premyer Liqaya uyğunlaşmaq üçün zaman lazım olacaq. Ona görə də atılan addımların indiki durum üçün düzgün olmadığını düşünürəm.
Səbuhi Həsənov
Şərhlər