Xəbər lenti

Tanınmış xanəndə nazirlikdən iş istədi:
Sənət 12:56 16.04.2024

Tanınmış xanəndə nazirlikdən iş istədi: "Fəxri adım olsaydı, işləyərdim"

"İşlə təmin olunmağım üçün aidiyyatı qurumlara müraciət etmişəm. Gözləyirəm, nə qədər evdə oturmaq olar. Evdə oturmaqdan bezmişəm. Nə qədər evə girib-çıxmaq olar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında muğam ifaçısı, xanəndə Sabir Abdullayev deyib. Sənətçi hazırda Mədəniyyət Nazirliyindən cavab gözlədiyini vurğulayıb:

"Şagirdlərdən çoxlu müraciətlər alıram. Onları hazırlaşdırmağımı istəyirlər. Harda hazırlaşdırım? Yerim yoxdur, ofis olmalıdır. Ofisin icarə haqqını ödəmək üçün imkanım yoxdur. Elə bil, gedib məkanı götürdüm, ayın sonu onun icarə haqqını necə verəcəyəm? Bütün uşaqlara deyirəm ki, ay bala gözləyin. Əslində mənim müraciətim işlə bağlıdır. Dövlətim məni işlə təmin eləsin. Bu mənim günahım deyil, əgər fəxri adım olsaydı, işləyərdim. Bəzi adamların sənətə biganəliyinin ziyanlarını mən görürəm. Fəxri adım olsaydı, məni heç kim işimdən çıxartmazdı. Bir kadr kimi mən lazımam". 

Sabir Abdullayev Azərbaycan muğamlarının bərbad vəziyyətdə olduğunu xüsusi qeyd edib: 

"Əsl klassik düzgün yol demək olar ki, itib-batır. Mən bu sənətdə təmiz yol qoya bildim. Hansı ki, bu yolda yad nəfəs, müdaxilə tapa bilməzsən. Dərs dediyim tələbələrə 10 kilometrdən qulaq assam bilərəm ki, oxuyan mənim şagirdimdir". 

Xanəndə "muğam etibarlı əllərdədir" deyənlərə mesaj ünvanlayıb:

"Bu o zaman olur ki, xanəndə maddi mənafeyini muğamdan aşağı tutur. Muğamdan üstün tutanda əlbəttə ki, pul dalınca qaçır, heç nə edə bilmir. Hamı bu gün varlanmaq, qısa vaxt ərzində böyük pullar qazanmaq istəyir. Yaxşı gənc muğam ifaçılarımız var, onların heç biri muğam oxumur, mahnı oxuyurlar. Mən onları qınamıram, dolanmalıdırlar. Amma sənəti də unutmaq olmaz. Sənəti sevib gələnlər çox azdır. Hamı madiyyat güddüyündən xanəndəlik sənəti bu hala düşdü".
 
Sabir Abdullayev dövlətin muğam sənətinə böyük diqqətini, qayğı göstərdiyini qeyd edib: 

"Amma xeyri yoxdur. Musiqiyə xələl gətirənləri həbs eləmək lazımdır. Mənim ifamda muğama xələl gətirən nüanslar varsa, həbs olunmağa hazıram. Gəlin, məni həbs edin, tutulmağa hazıram. Sənəti qorumalıyıq, bu, bizim sərvətimizdir, ona əl vurmaq olmaz". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->