Xəbər lenti

Siyasət 13:06 18.03.2023

"Siyasi Partiyalar haqqında” qanunla bağlı beynəlxalq rəy - Partiya sədri və deputat şərh edir

"Rəsmi Bakı Venesiya Komissiyasının rəyilə hesablaşmır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın "Siyasi Partiyalar haqqında” yeni qanununa verdikləri birgə rəyi şərh edərkən deyib:
 

 
"Siyasi partiyalar haqqında” qəbul olunan qanunda bir sıra müddəalar Venesiya Komissiyasının prinsip və dəyərlərinə uyğun gəlməyən maddələrdir. O cümlədən, üzvlərin sayı, reyestr, sənədləşmənin tələb olunması ilə bağlı məsələlər Avropa standartlarına uyğun gəlmir. Buna baxmayaraq, Azərbaycan qanunu qəbul edib. Venesiya Komissiyasının qanunla bağlı verdiyi rəy aydın məsələdir ki, qəbul edilən qanunun dəyişməsinə gətirib çıxarmayacaq. Çünki bir çox hallarda Venesiya Komissiyasının rəyilə hesablaşmırlar. Sözügedən qanun siyasi partiyalar üçün müəyyən problem yaradır və yeni problemlər yaranmaqda davam edəcək”. 
 
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, həmin rəydə göstərilən iradların heç bir əsası yoxdur. Deputat vurğulayıb ki, qanun demokratik ölkələrin təcrübəsinə, Azərbaycnın öz partiyalaşması təcrübəsinə əsasən geniş müzakirələrdən sonra qəbul edilib:



"Partiyaların daxili fəaliyyətininə hər hansı nəzarət deyilən bir anlayış belə orada yoxdur. Qeydiyyat üçün siyasi partiya üzvlərinin siyahısı tələb oluna bilər. Çünki hakimiyyətə gəlmək istəyən qüvvənin nə qədər üzlərinin real olduğu bilinməlidir. Sonradan isə üzvlərinin siyahısı onun daxili məsələsidir”. 

Deputat hesab edir ki, siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi, cəmiyyətdə öz yerini tutması, hakimiyyətdən fərqli mövqe ortaya qoyması üçün qanunda bütün şərait yaradılıb. 

Qeyd edək ki, Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın "Siyasi Partiyalar haqqında” yeni qanunu haqqında birgə rəyini açıqlayıb. Sənəddə qeyd edilir ki, yeni qanun ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətbiq edib. VK qeydiyyat  tələblərinin məqbul olmasının vacibliyini  vurğulayıb. "Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsipləri ilə bir araya sığmayan həddindən artıq bir tədbirdir”- sənəddə deyilir. 

Rüfət Sultan
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->