"Proporsional seçki sistemi Konistitsiya dəyişikliyidir, bu "Siyasi partiyalar haqqında” qanunda ifadə oluna bilməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
"Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Sonra ona xeyli dəyişikliklər və əlavələr edilsə də, bu qanun Azərbaycanın indiki inkişaf səviyyəsi ilə uyğunlaşmır. Qanun indiki çağırışlara cavab vermir. Belə demək mümkünsə, siyasi partiyaların Azərbaycanın siyasi mühitindəki sistemində daha fəal şəkildə iştirakını təmin edə biləcək imkanlar yaratmır. Bütün mənalarda yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var və bu məsələ Milli Məclisin yığıncaqlarında, həm də siyasi partiyalar səviyyəsində müzakirə olunub və heç zaman aktuallığını itirməyib”, deyə F. Ağamalı vurğulayıb.
Deputat hesab edir ki, Prezidentin 2018-ci ildə başlatdığı və ciddi əhəmiyyət kəsb edən islahatlar arasında siyasi islahatlar xüsusi önəm kəsb edir:
"Bununla bağlı Prezident konkret addımlarını atdı, Prezident Adminstrasiyasında siyasi partiyalarla bağlı xüsusi şöbə yaratdı. Həmin şöbə yaranandan sonra siyasi partiyalarla dövlət arasında ciddi əlaqələr yaranıb, formalaşdı. 44 günlük müharibə dövründə də məhz siyasi partiyaların vahid mövqedən çıxış etməsi, dövlətimizlə bərabər olması da ölkə Prezidentinin yaratmış olduğu yeni siyasi konfiqurasiyanın mahiyyəti və məntiqinə söykənir. Bu gün o proseslər gedir, lakin bu proseslər yetərincə qanunvericilik aktı ilə tənzimlənmir. Ona görə də müasir hədəflərə cavab verən və gələcək hədəfləri siyasi partiylar üçün konkretləşdirən yeni qanuna ehtiyac var və bununla bağlı Milli Məclisdə təmsil olunan partiya rəhbərləri spiker Sahibə Qafarovaya müraciət etdik. O, buna razılığını verdi. Artıq proses başlayıb”.
Fəzail Ağamalı deyir ki, ortaya çox ciddi mahiyyət daşıyan, müasir tələblərə cavab verən və ölkə Prezidentinin siyasi islahatlarının mahiyyətinə söykənən, siyasi konfiqurasiyanı arzuolunan səviyyə qaldıran siyasi partiyaların siyasi sistemdə yerini və rolunu artıran və ciddi imkanlar verə biləcək bir qanun qəbul olunacaq:
"Bu qanunun həm də ictimai müzakirəsi olmalıdır. Düşünürəm ki, burada təkcə Milli Məclisdə təmsil olunan partiyalar deyil, həmçinin parlamentdə təmsil olunmayan partiyalar da iştirak edəcək”.
ARAYIŞ:
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədri Sahibə Qafarovaya müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.
Bahar Rüstəmli
Şərhlər