(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Bu ilin yanvarında qəbul edilən "Siyasi partiyalar haqqında” qanun siyasi təşkilatların inkişafına yeni yol açır. Artıq həmin qanundan irəli gələrək, tələblərə cavab verən partiyaların qeydiyyatı, üzvlərin reyestri mərhələsi də başa çatmaqdadır.
Bu günə qədər 12 partiya artıq reyestrdən keçib. Aydındır ki, yeni qanun müasir dövrün tələblərinə cavab verməklə, ölkəmizdə plüralizmin, fikir, məlumat, söz azadlığı, hüquqi dövlət quruculuğunun daha sürətlə inkişafına mühüm töhfə verəcək.
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, "Siyasi partiyalar haqqında” qanunun qəbulu siyasi partiya sisteminin formalaşması, deməli, həm də ölkəmizin inkişafı yolunda keyfiyyətcə yeni mərhələdir:
"Azərbaycan müstəqilliyini əldə edəndən sonra daha intensiv şəkildə yeni siyasi partiyalar yaranmağa başladı. Ölkəmizdə demokratiyanın dərinləşməsi, söz azadlığının tam təmin edilməsi, fikir müxtəlifliyi və siyasi rəqabətin gücləndirilməsi yolunda böyük işlər görülüb. Bu işdə siyasi partiyalar da fəal iştirak edirdi. Ona görə də hər seçkidə ölkə parlamenti və yerli özünüidarə orqanlarına müxtəlif partiyaların nümayəndələri seçilirdi. Müəyyən müddət siyasi partiyalar haqqında 1992-ci ildə qəbul olunan qanun bu prosesi tənzimləyə bilirdi. Amma sonradan inkişaf yolunda yeni nəticələr əldə etdikdə, qanuna müxtəlif dəyişikliklər edildi. Zaman yeni qanuna ehtiyacın olduğunu göstərdi. Bu səbəbdən də həmin qanun bir müddət əvvəl Milli Məclis tərəfindən qəbul edildi”.
Deputat deyir ki, bu qanunla siyasi partiyaların fəaliyyəti, plüralizmin inkişaf etdirilməsi yolunda daha geniş şəraitlər yaranıb:
"Bununla belə, partiyalar qarşısında müəyyən tələblər də qoyuldu. Siyasi partiyalar ancaq daxili resurslar hesabına maliyyələşməli, onun liderləri uzun müddət Azərbaycan vətəndaşı olması, siyasi partiya üzvlərinin hüquqlarının təmin edilməsi məsələləri belə tələblərdəndir. Siyasi partiya güc olmalıdır. Onlar siyasi hakimiyyətə gəlmək hüququna malikdir. Bu qurumlar sabah bizləri idarə edəcək strukturdur. O baxımdan da partiya üzvlərinin sayı məsələsi ciddi şəkildə qoyuldu. Bir sıra partiyalar var idi ki, siyasi fəaliyyətləri yox səviyyəsində idi. Qeydiyyata alınmış 58 partiyanın 31-i özünü buraxmaq barədə qərar verdi. Yerdə qalan 27 partiyanın 19 isə Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edib. Qanunun tələblərinə cavab verməyən boşluqlarla bağlı partiya rəsmiləri konkret faktlarla məlumatlandırılır. Onun nəticəsidir ki, sənədləri geri qaytarılan siyasi partiyalar düzəliş edərək, yenidən müraciət ediblər. Son məlumata görə artıq 12 partiya qeydə alınıb. Bunların içərisində hakim partiya ilə yanaşı, iqtidara sərt müxalif mövqedə duran partiyalar da var. Bunun özü göstərir ki, Azərbaycanda demokratik mühit var. Dövlət tərəfindən partiyaların fəaliyyətinə eyni yanaşma sərgilənir. Hansınasa üstün mövqe verilməsi, hansınasa soyuq münasibət göstərilməsi mövqeyi yoxdur”.
Aydın Mirzəzadə qeyd edir ki, siyasi partiyalar ilk növbədə siyasi fəaliyyətlə məşğul olaraq, cəmiyyəti siyasi cəhətdən maarifləndirərək, gedən proseslərə mövqe bildirərək, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etməlidirlər:
"Bu mənada hesab edirəm ki, yeni qanun məhz bu əsas məsələnin həllinə yönəlib. Yeni qeydiyyata alınan partiyaların fəallığı da hiss olunur. Vaxtaşırı onlar bu və ya digər məsələlərə sərbəst şəkildə mövqe bildirir, bir qismi hakimiyyətlə razılaşmır. Bu da öz növbəsində ölkəmizdə söz, məlumat azadlığı, plüralizmin inkişafına töhfə vermək baxımından mühüm addımdır”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər