Seymur Baycan
İdman və gənclər naziri Azad Rəhimov cənablarına açıq məktub
Cənab nazir, hər şeydən əvvəl onu bildirmək istərdim ki, ölkəmizdə Avropa oyunları olimpidasının keçirilməsi bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirir. Belə tarixi günlərin şahidi olmaq ölkəmizin yaxşılığını istəyən hər bir Azərbaycan vətəndaşını sevindirməlidir. Düzdür, hər bir işdə olduğu kimi bu işdə də xırda qüsurlar var. Biz cavan ölkəyik. Hələ hər şey axıra qədər formalaşmayıb. Qüsurların olması təbii haldır. Gənc bir ölkənin bu miqyasda bir yarış keçirməsi əlbəttə ki, asan məsələ deyildir. Bu çox böyük bir məsuliyyətdir. Zaman keçdikcə hər şey yavaş-yavaş qaydasına düşəcək. Lakin bununla belə bu olimpiada ölkəmizin, ümumiyyətlə mətbəximizin, tariximizin, adət-ənənələrimizin tanınması və təbliğ olunması baxımından çox böyük əhəmiyyət daşıyır. Bu yarış həm də bizə böyük bir təcrübə qazandırmaqdadır.
Təəssüf ki, bir dəstə insan fürsətdən istifadə edərək bu yarışı gözdən salmaq istəyir və müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kompaniyası aparır. Şəxsən məndə həmin adamların hərəkətləri ikrah doğurur və onların hərəkətlərini qətiyyətlə pisləyirəm. O yerdə ki, söhbət ölkəmizin imicindən gedir, orda adamlar öz incikliklərini, şəxsi davalarını unutmağı bacarmalı və həmrəylik nümayiş etdirməlidirlər. Ümid edirəm ölkəmizə qarşı böhtan və qarayaxma kompaniyası aparanlar , Avropa oyunlarının keçirilməsini gözü götürməyənlər gec-tez öz səhvlərini başa düşəcəkler. Həmçinin gələcəkdə keçiriləcək İslam ölkələrinin oyunları zamanı xırda qüsurlar aradan qaldırılacaq və biz öz ölkəmizi təbliğ etmək üçün növbəti bir fürsət əldə edəcəyik. İslam ölkələri oyunlarının Azərbaycanda keçirilməsi tam məntiqə uyğundur. Azərbaycanlılar bir çox tərəfdən ən inkişaf etmiş müsəlmanlardır. Bunu mən dialoq mədəniyyəti olan her kəsə sübut edə bilərəm. Biz bəşəriyyətin tərəqqipərvər hissəsinə subut etməliyik ki, müsəlmanların işi gücü yalnız oranı buranı partladıb, baş kəsib, adam daşqalaq edib, müxtəlif bitkilərin, aqacların, meyvələrin, buludların, arı şanının üstündə allah sozü axtarmaqdan ibarət deyil. Lazım gələndə yarış keçirməyi, idmanla məşğul olmağı da bacarırıq.
Cənab nazir, sizə açıq məktubla müraciət etməyim səbəbsiz deyil. Çox istərdim ki, bu yarışlardan sonra ölkəmizdə türk xalqlarının olimpiadası (Turan oyunları) keçirilsin. Belə bir yarışın ölkəmizdə keçirilməsi bir çox cəhətlərdən faydalı ola bilər. Qiymətli vaxtınızı almamaq naminə özümü sıxıb bu cəhətləri bir-bir sadalamayacam. Lakin bir incə məqamı qeyd etmək məcburiyyətindəyəm. Çox yaxşı olar ki, bu yarışda təkcə dövlətləri və muxtariyyətləri olan türk xalqları deyil, dövlətləri və muxtariyyətləri olmayan türk xalqları da iştirak etsinlər. Qoy hər kəs gəlib öz bacarığını göstərsin. Neticədə Azerbaycan türk dunyasının paytaxtına çevriləcək , ümumillikdə isə türk xalqaları arasında və əminamanlıq münasibətləri genişlənəcək, bu da ister istəməz inkişafa səbəb olacaqdır. Bilirəm ki, belə bir yarışın keçirilməsi tək sizdən asılı deyil. Bununla belə sizə işlərinizdə uğurlar arzulayıram.
"Reytinq" qəzeti
Şərhlər