"İsrail Moskvanın köməyi ilə prosesin sülh fazasına başlamaq istəyir ki, Hindistandan Avropaya uzanacaq dəhliz məsələsini reallaşdırsın".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov İsrailin strateji planlaşdırma naziri Ron Dermerin Rusiyaya olan gizli səfərini şərh edərkən deyib.
"Moskvanın Beyrut üzərində söz sahibi olması İsrailin Livana hücumları başlamazdan çox öncə, Qolan təpələrinə Rusiya bayrağı sancaraq Təl-Əvivə mesaj verməsindən bəlli idi. Eyni zamanda Moskva-Tel-Əviv münasibətləri İsrailin Suriyadakı İrana aid proksilərin olduğu əraziləri bombalaması zamanı Rusiyanın Suriyadakı S300 və S400 HHM sistemlərinin işə düşməməsindən də görünürdü. Bu reallıqları nəzərə alaraq İsrailin Livanla nizamlanma üçün Rusiya ilə danışıqlar aparması mümkünlüyünü görmək olar", deyə Azər Qasımov bildirib.
Həmsöhbətimiz qeyd edib ki, İsrail bir ildən çoxdur iki cəbhədə, HƏMAS və "Hizbullah"la müharibə aparır və artıq qələbə hesab ediləcək nəticələr əldə edib:
"İsrailin bu müharibələrə hansı məqsədlə girdiyi də hesab edirəm ki, bəllidir. İsrail Hindistandan başlayaraq BƏƏ, Səudiyyə və İordaniya, İsrailin Aşkelon limanından keçməklə Yunanıstan və nəhayət Avropaya qədər uzanacaq nəqliyyat dəhlizinin elan edilməsindən dərhal sonra bu müharibəyə cəlb edildi və ya oyun belə quruldu. Artıq HƏMAS-ın məhv edilməsilə onun tərəfindən Aşkelon limanına təhlükə demək olar aradan qaldırıldı. "Hizbullah"a da güclü zərbə vurulub, liderləri məhv edilib. Görünən odur ki, İsrail Moskvanın köməyi ilə prosesin sülh fazasını başlamaq istəyir ki, artıq dəhliz məsələsini reallaşdırsın".
Qeyd edək ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer keçən həftə Rusiyaya gizli səfər edib. Bu barədə İsrail televiziyasının "12-ci kanal"ı məlumat yayıb.
İsraildəki yüksək vəzifəli rəsmilərin sözlərinə görə, Dermerin səfərinin məqsədi Rusiyanın vasitəçiliyi ilə Livanla münaqişənin nizamlanmasına dair danışıqlar aparmaq olub.
Rüfət Sultan
Şərhlər