(Yazı "Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
Sərbəst bazara əsaslanan və təxminən 200 il bundan əvvəl formalaşmağa başlayan liberal iqtisadi yanaşma Azərbaycanda da dərin kök salmaqdadır.Son dövrlər Azərbaycan bu sahədə də bir sıra yenilik və uğurlara imza atıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması,vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, bu sahədə aparılan islahatlar, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri kəsb edib. Müstəqillikdən üzü bəri ölkəmizdə müxtəlif mülkiyyət növlərinin yaradılması, bazar iqtisadiyyatı üzrə qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması və inkişafı, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub.
Azad sahibkarlığın təşviqi yolunda atılan tədbirlərdən biri də sahibkarlara "investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənədlə sahibkarlar müəyyən müddətə bəzi vergilərdən azad edilib. Eyni zamanda, onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunub. Başqa bir tərəfdən, uzun müddətdir sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılıb. Yəni ötən müddət ərzində görülən işlər və həyata keçirilən islahatlar Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyatın əsaslı şəkildə inkişafına təkan verib.
Amma bununla belə, hələ də bu sahənin təşviqi yolunda həyata keçirilməsi vacib bir sıra yeni addımların atılmasına da ehtiyac var.
Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi istiqamətində daha hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, azad sahibkarlıq və liberal iqtisadiyyat yolunda atılmalı olan əsas məsələ rəqabətli mühitin yaranmasıdır:"Azərbaycanda hələ də Rəqabət Məcəlləsi qəbul olunmayıb. 2008-ci ildə bu qanun Milli Məclisin birinci oxunuşunda qəbul olunsa da, sonradan nədənsə unudulub. Halbuki, Rəqabət Məcəlləsinin qəbulu çox vacibdir”.
Həmçinin, ekspert düşünür ki, bu istiqamətdə atılması vacib digər addım kredit faizlərinin aşağı salınmasıdır:"Ölkədə kredit faizlərinin yüksək olması da kiçik və orta sahibkarlığın inkişafı, rəqabətli mühitin, liberal iqtisadi institutların formalaşmasında ciddi maneəyə çevrilib. Ölkəmizdə kreditlər qısa müddətə və yüksək faizlərlə verilir ki, bu da biznesin inkişafına əngəl yaradır. Ona görə bu sahədə də müəyyən dəyişikliklər baş verməlidir. Hökumət kredit faizlərinin aşağı düşməsinə yardım edəcək işlər həyata keçirməlidir”.
Prosesdə əsaslı təşviqə nail olmaq üçün həmsöhbətimiz qanunvericilikdə də bir sıra dəyişikliklərin olmasını vacib hesab edir:”Sahibkarlığın İnkişafına Dəstək Fondu yarandığı dövrdən bu günə qədər sözügedən istiqamətdə bir sıra layihələr gerçəkləşdirib. Onun pozitiv nəticələri də var. Amma yetərli deyil. Çünki həmin fond vasitəsilə verilən kreditlərin həcmi çox azdır. Bu həcm artırılmalı və daha uyğun dəstək və kreditləşmə proqramları həyata keçməlidir. Habelə, vergi və gömrük qanunvericiliyində də bir sıra dəyişikliklər olmalıdır. Ölkədə istehsal olunmayan məhsullar üzrə gömrük rüsumları aşağı salınmalı, bir sıra vergi dərəcələri, əsasən də əlavə dəyər vergisi yüngülləşdirilməlidir. Yalnız sadaladığım bu addımların atılması kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfə verə bilər”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər