Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən xəbərə görə, məcəllənin qəbulu ilə "Antiinhisar fəaliyyəti haqqında”, "Haqsız rəqabət haqqında”, "Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.
Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq.
Şərhlər