Rasim Qaraca yazır...
O öz əclaflığında sabitqədəmdir.
Təkcə bu məsələdə ikiüzlü deyil. Heç olmasa buna görə hörmətə layiqdir.
Şərəfsizlik edərkən bir dəfə də olsu nala-mıxa vurmayıb, atasından aldığı naqislik estafetini şərəflə son mənzilə qədər daşımaqdadır. Bu mənada ona şərəfli insan deyə bilərik.
Hər zaman onu tənqid etsək də, mədəni inkişaf yolumuzda bir kötük olduğunu söyləsək də, ömrünün qürub çağında əsl qiymətinin verilməsi onun haqqıdır. Bəli, o ləyaqətli əclafdır. Çünki öz əclaflığında ardıcıldır, güzəştsizdir, dönməzdir.
Malı mala qatan deyil, həm dərzdən, həm mərzdən yemək, yalandan üzə gülmək xasiyyəti yoxdur, bəzi nəsildaşları kimi gənclərə qonaqlıq verib özünü şirin satmaq şakəri ona yaddır. O, birmənalı yaramazdır.
Çox mədəni insandır - yaltaqlığın yüksək mədəniyyətini yaradıb.
Hər zaman gənclərə qarşı barışmaz olmuş bu insanı haqqında pozitiv şeylər yazmaq istəyirəm: o, unikaldır! Atadanqalma mirasdır!
Güclünün qoxusunu uzaqdan almağı bacarır, hələ gəlmədən ona yarınmaq ustasıdır. Buna görə gəlmiş keçmiş bütün hakimiyyətlərin yanında yeri baş ucda olub.
Heç kimsə onu əyilməkdə suçlaya bilməz, çünki anadan boynubükük doğulub, bu onun təbii halıdır.
Və böyük müəllimdir: yaltaqlığın böyük məktəbini yaradıb, öz ardıcıllarını yetişdirib, quyruq bulamağı norma halına gətirib.
Onun geniş alnına, ziyalı görkəminə baxan hər bir insan yaltaqlığın neqativ bir şey olduğunu ağlına belə gətirməz. Yeni gələn neçə-neçə nəsli ondan nümunə götürüb, ona bənzəməyə çalışıb.
On minlərlə insan, övladına onun adını qoyub, onu öz ideallarına çevirib.
Yüz minlərlə insan əsərləriylə tərbiyə olunub. Nəticədə qara ilə ağ yerini dəyişib. Dürüstlük, həqiqətsevərlik xor görülməyə başlayıb, yalaqlar ön sıralara keçiblər.
O, bərabərsürətli və düzxətli əclafdır.
İnanılmış əclafdır.
Başqa əclaflardan fərqi, öz əclaflığının fərqində olmasıdır.
Bir sözlə o, ləyaqətli əclafdır.
Azadlıq radiosu
Şərhlər