"Şoyqunun açıqlaması Kremlin aqresiyasının göstəricisidir. Rusiya işğal etdiyi Ukrayna ərazilərini öz tərkibinə qatmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya müdafiə naziri Sergey Şoyqunun Moskvanın Ukrayna və Qərblə bundan sonra birgəyaşayışla bağlı danışıqlara başlamağa hazır olduğu barədə verdiyi mesajı şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Şoyqu Ukrayna ilə yanaşı, Qərblə də əməkdaşlıq sisteminin yenidən qurulması mesajını verir:
"Yəni, demək istəyir ki, reallığı qəbul edin. Qərb Yaxın Şərqdə yeni bir müharibə ilə üzləşib və burada onlar İsraili dəstəkləyir. Yaranmış vəziyyətdə Qərb üçün iki cəbhəyə savaşmaq çətindir. Şoyqu da vəziyyətdən istifadə edərək, Qərbə mesaj verir ki, razılaşmasanız bundan sonra da xoşa gəlməyəcək hadisələr baş verəcək".
Natiq Miri qeyd edib ki, Şoyqunun açıqlaması HƏMAS-ın İsrailə hücumunun arxasında birbaşa Rusiya amilinin də mövcud olduğunu deməyə əsas verir:
"Yəni, ikinci cəbhəni Rusiya üçün Cənubi Qafqazda açmaq istəyən Qərb özü Yaxın Şərqdə anoloji tora düşdü. Şoyqu bununla Qərbi reallığı qəbul etməyə çağırır”.
Lakin həmsöhbətimiz düşünür ki, Qərb Rusiyanın bu mesajı ilə geri addım atmayacaq:
"Bunu düşünmürəm. Qərb buna getsə, məğlub olacaq. Çünki Rusiya bununla kifayətlənməyəcək. Qərb geri addım atsa, Moskva yeni iddialar irəli sürəcək. Ən azından postsovet məkanında yeni imperiya iddiaları qızışa bilər”.
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu X Pekin Syanşan Forumunda çıxışı zamanı ölkəsinin Ukrayna və Qərblə bundan sonra birgəyaşayışla bağlı danışıqlara başlamağa hazır olduğunu deyib. "Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq", - Şoyqu bildirib.
Rüfət Sultan
Şərhlər