Uşaq vaxtı cinlər, əcinnələr barədə çox eşidirdik. Hətta "göreşənlər"ə rast gələn, qaçıb ondan canını qurtaran bir kənd adamının qorxunc hekayələrini də maraqla dinləyirdik.
Guya, gecə vaxtı, qəbiristanlığın yanından keçərkən, bir "goreşən" keçi cildində yol gedən adamın yoluna çıxır, o da tənbəllik etməyib həmin keçini qucağına alır və bir az getdikdən sonra hiss edir ki, qucağındakı "keçi" qeyri-adi hərəkətlər edir, ayaqları isə öz-özünə uzanıb yerə dəyməyə başlayır. Şübhələnib "keçi"ni kənara fırıldadaraq atını mahmızlayıb aradan çıxmaq istəyəndə "göreşən" əvvəlcə atın ayaqlarına dolaşmağa çalışsa da, at onu tapdayıb keçir. Sonra isə bu "goreşən" atın dalınca düşərək onu bir xeyli təqib edir. Nəhayət, sürətlə aradan çıxan ata və insana çata bilmədiyini anlayaraq dayanır və arxadan səslənərək deyir:
- Get, a kopoolu, anan namaz üstündəymiş!
Bu qorxmacanı ilk dəfə eşidəndə çox kiçik idim. Sonralar yüzlərlə versiyasını Kəlbəcərdə, Ağdamda, Tərtərdə, Mingəçevirdə eşitdim.
İndi "goreşən"in vəhşi təbiətdə mövcudluğu məndə şübhə doğurmur - istənilən çöl heyvanı "goreşən" ola bilər, yaxşı betonlanmamış qəbir isə bu "göreşən"in yeməyi.
Lakin bu hekayəni ona görə xatırladım ki, təsadüfən bir məcburi köçkün qohumun qəfil sualına cavab verməli oldum. Kişidir, hal-hazırda altmış beş yaşı var. Həyat yoldaşı isə köçkünlük vaxtı Yevlaxdakı çadır şəhərciyində yaşayarkən ağır xəstəlikdən (daha doğrusu, ağır vəziyyətin tətiklədiyi xəstəlikdən) dünyasını dəyişib. Beləcə, həyat yoldaşını oralardakı "rəmədə"(yovşanlı, şoran düzənlik), köçkünlər üçün ayrılmış qəbiristanlıqda dəfn ediblər. Bu kişi isə sonradan evlənməyib, iki övlad böyüdüb, indi yurd-yuvasına dönməyə hazırlaşır. Sualı da çox sadədir:
-Mən öləndə arvad mənim yanıma gələcək, yoxsa mən arvadın yanına getməliyəm?
Ona sadə cavab verdim:
-Sən özün hara "getmək" istərdin?
-Əlbəttə, öz kəndimizə, ata-baba qəbiristanlığına. Çaya yaxındır. Sən olsan, elə gözəlliyi qoyub "rəmə"yə gedərdin?
-Yox. - dedim.
Amma bu sadə, hətta bir az ironik sual məni xeyli düşündürdü. Elə bu səbədən də qəfil ona iki hekayəni paralel süjetlərlə danışmağa başladım. Yaş fərqimiz müxtəlif olsa da, yaddaş dövrlərimiz qonşudur axı.
Əvvəlcə ona "göreşənlər" hekayəsini xatırlatdım, sonra Molla Həmiddən danışmağa başladım. Molla Həmid Sovet dövründə bizim kəndin yeganə mollası, nüfuzlu, özünə görə dini savadı olan yaxşı bir insan idi. Qəbirlərin itib-getməli olduğunu ilk dəfə ondan eşitmişdim. Əlbəttə, sonralar bu məsələnin milli-etnik-mifoloji-dini-siyasi çalarları olduğunu da bilməmiş deyiləm... İkimiz də xeyli susduq... Və qəfil mənə elə gəldi ki, yaşlı köçkünlərin əksəriyyəti ölmək üçün geri qayıdır.
Ehtirasla çay yuxarı üzüb kürü tökərək ölməyə gedən balıqları xatırladım. Amma bu heç də balıqların hekayəsinə bənzəmir. Yəqin ki, dirilər kimi ölüləri də qaçqınçılıqdan qurtarmaq lazım gələcək. Yəni, qəbirləri də geri aparmağı nəzərdə tuturam. Görəsən, Molla Həmid sağ olsaydı, buna nə deyərdi? Qohumum dərhal cavab verdi:
-Kolxoz vaxtı yuxarı yaylaqdakı qədim qəbirləri aşağıya köçürmək söhbəti düşmüşdü, Molla Həmid daş atıb başını tuturdu ki, olmaz!
-Niyə?
-Mən elə başa düşürdüm ki, qəbirlərin üstündə ərəb yazıları vardı, ən çox ona görə!
Amma mən əminəm ki, Molla Həmid etiraz etməzdi. Onun Qori seminariyasında oxuyan mədrəsə yoldaşlarını necə fəxrlə xatırladığını da unutmamışam... Lakin nədənsə, "goreşən" hekayəsindəki mifin arxasında onun da barmağı olduğuna şübhə etmirəm.
Hərçənd, bu hekayəni Molla Həmiddən eşitməmişəm. Əksinə, Aşıq Hidayətin dastan gecələrində eşitdiyimə də min dəfə əminəm. Və heç də şübhə etmirəm ki, bu "göreşən" hekayəsində və qəbirlərin toxunulmazlığı məsələsində əsas məqam elə "goreşən"in özünün işlətdiyi o ifadə olmalıdır: "Get, Anan Namaz Üstündəymiş!"
Namazın "xilas etdiyi" o insanın qohumları geri dönür. Görəsən, təzə mollalar qəbirlərin də geri qaytarılmasına fətva verəcəklərmi? Qayıdan sümüklər olacaq, qorxmayın, onlar da müharibə qurbanlarıdır...
Məqsəd Nur
Şərhlər