Xəbər lenti

Putinin qohumu olan generalla görüşü Şoyqunu cəzalandırmağa hesablanıb? (ŞƏRH)
Dünya 18:20 03.05.2024

Putinin qohumu olan generalla görüşü Şoyqunu cəzalandırmağa hesablanıb? (ŞƏRH)

"Putinlə Dyumin arasındakı görüşün Şoyquya qarşı olması və prosesin bu formada araşdırılması inandırıcı görünmür".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Putinin Tula qubernatoru ilə görüşünün müdafiə naziri Sergey Şoyquya qarşı çevrildiyi barədə xarici mətbuatın yazdığını şərh edərkən deyib:

"Rusiyanın hərbi elitasında bir sıra nüfuzlu şəxslər var. Onlardan biri də hazırda Tula vilayətinin qubernatoru olan general polkovnik Aleksey Dyumindir. Onun çoxillik hərbi təcrübəsi var. Putinin mühafizə xidmətinin rəsini olub. Ardınca Rusiya Müdafiə Nazirliyi Baş Qərargahın hərbi kəşfiyyat baş idarəsinin rəsi müavini işləyib. 2014-cü ildə Krımın ilhaq edilməsi əməliyyatına rəhbərlik edib. Dyumin Putinlə həm işgüzar yaxınlığı ilə tanınır, həm də qohumluq əlaqələri var. Dyuminin həyat yoldaşının Putinlə yaxın qohum olduqları bildirilir”. 

Həmsöhbətimiz deyir ki, Dyumin həmçinin Putinin varisi ola biləcək şəxslərdən biri kimi də təqdim olunur:

"Onun "Vaqner”in öldürülən rəhbəri Priqojinlə yaxın olması və birgə Putinə qarşı fəaliyyət göstərməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Çünki Putinin hakimiyyətdə qalması Dyumin üçün olduqca əhəmiyyətlidir. Belə olan halda Rusiyada Şoyqu əleyhinə həyata keçirilə biləcək hansısa əməliyyatda Dyuminin iştirak etməsi inandırıcı deyil. Təbii ki, Şoyqudan sonra müdafiə naziri olacaq şəxslərdən biri Dyumin ola bilər. Amma Putinlə Dyumin arasında baş tutan görüşün Şoyquya qarşı olması və prosesin belə formada araşdırılması həqiqəti əks etdirmir. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin təminat, təchizat üzrə müavini həbs olundu. Bu məqamı Şoyqunun yaxın ətrafının təmizlənməsi kimi qələmə vermək olar”. 

R. Məmmədli düşünür ki, Putinlə Şoyqu arasındakı münasibətlər və Ukraynada baş verənlər fonunda müdafiə nazirinin mövqeyinin zəiflədiyi barədə deyilənlər də həqiqətə uyğun deyil: 

"Çünki qarşıya qoyulan tapşırıqlar Şoyqu tərəfindən yüksək səviyyədə icra olunur. Ukraynanın 100 min kvadrat kilometr ərazisi işağl olunub. Bu baxımdan Şoyqunun qınaq obyekti olması fikirləri reallığı əks etdirmir”. 

Qeyd edək ki, mayın 2-də Rusiya prezidenti Vladimir Putin Tula vilayətinin "Vaqner”ə bağlı qubernatoru Aleksey Dyumin ilə görüşüb. Bu fonda bir sıra Ukrayna mətbuatı belə qənaətə gəlib ki, Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səlahiyyətlərini azaltmaq, hərbi məqsədlərə çata bilmədiyi üçün cəzalandırmaq, onu rəqibləri ilə balanslaşdırmaq niyyətinə düşüb.  Məlumata görə, Putin çox güman, Dyuminlə görüşünü Şoyqunun rəhbərlik etdiyi Müdafiə Nazirliyini Kremlin hərbi məqsədlərinə çatmamasına görə cəzalandırmaq üçün qəsdən açıqlayıb. İddialara görə, Şoyqunun Müdafiə Nazirliyinin bu yaxınlarda həbs edilən müavini İvanovla yaxın münasibəti olub.  Bu fonda iddia edilir ki, İvanovun həbsi və Dyuminin qəfildən gündəmə gəlməsi Kremlin Şoyqunun fəaliyyətindən narazı olduğunun göstəricisidir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->